Baş bankir Azərbaycanın maliyyə bazarına təsir edən əsas amillərdən danışdı

Baş bankir Azərbaycanın maliyyə bazarına təsir edən əsas amillərdən danışdı

"Tədiyyə balansının əsasını təşkil edən cari əməliyyatlar balansı tarazlığa çox yaxındır, sıfıra yaxınlaşdırılıb”.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu sözləri 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsinin əhəmiyyətli korreksiyası 2015-2016-cı ildə xidmətlər və mal ixracının təxminən 6 milyard azalmasına gətirib çıxarıb.

Bununla belə, AMB-nin İdarə Heyətinin sədri qeyd edib ki, kapital hərəkəti balansında problemlər qalmaqdadır: "Bu nə ilə bağlıdır? Bizim çoxdan toplanmış problemlərimiz, borclanmalarımız, şirkətlərə zəmanət verilən borclar var. Hazırda bu borclar reallaşır. 

Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var. Köhnədən qalan bu borcları verməyə məcburuq. Bu amil bazara çox ciddi təsir göstərə bilir. Eyni zamanda, biz çox nəhəng beynəlxalq layihə həyata keçiririk.

Bu, TANAP layihəsidir. Bu layihəni maliyyələşdirmək üçün ölkə valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olur. Yəni, bu layihə də bizim tədiyyə balansının kapitalın hərəkəti hissəsinə təsir edir.

Əgər bütün bunları qiymətləndirsək, bütövlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-i məhz kapitalın hərəkəti ilə bağlıdır. 

Yəni, bu, keçmiş və gələcəklə bağlıdır. Başqa sözlə, keçmişdə götürülmüş borclarla və gələcək layihələrimizlə əlaqədardır. AMB bu problemlərin cari balansa və cari kursa təsir göstərməməsini nəzərdə tutan valyuta siyasəti yürüdür”.

E.Rüstəmov əlavə edib ki, bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsi və inkişafa nail olmaqdır: "Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, şirkətlərin və dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

Sabitlik yoxdursa, eləcə də yüksək inflyasiyaya görə insanlar, müəssisələr öz gəlirlərini itirirlər. Buna görə də, dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də biz makroiqtisadi sabitləşməyə nail olmaqla insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almalıyıq. 

Makroiqtisadi sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Buna görə də indi əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”.
 
Aktual.az

Xəbər 790 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR