Banklar ipoteka kreditlərindən imtina edəcək

Banklar ipoteka kreditlərindən imtina edəcək

Yaxın aylarda Azərbaycanın kommersiya banklarının öz vəsaitləri hesabına ipoteka kreditlərini tamamilə dayandıracağı gözlənilir.

Aktual.az Anspress-ə istinadən  xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 4 may 2016-cı il tarixdə verdiyi qərarları şərh edən əksər ekspertlər bu fikirdədirlər.

Xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 04 aprel 2016-cı il tarixli qərarı qüvvədə saxlayan Palata daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə də qadağa qoyub.

Beləliklə, əmlak və tikinti sektoruna kapital qoyuluşlarında əsas rollardan birinə malik bu alət tarixə çevrilə bilər. Sirr deyil ki, Azərbaycanda bankların öz vəsaitləri ilə verdiyi əmlak və ya ipoteka kreditləri hazırda evsiz adamların kirayədən yaxa qurtarmasında böyük rol oynayır. Məsələn, çox populyar yaşayış massivlərindən birindən heç bir ilkin ödəniş vermədən aylıq ödənişi 350-400 manata bir otaqlı hazır mənzil almaq mümkündür. Bu, ayda 250-300 manata bərabər olan kirayə qiymətlərindən azca yüksəkdir.


Son illər üzrə əmlak alınmasına yönəldilən vəsaitlər (milyon manat)

Kommersiya banklarının verdiyi ipoteka kreditlərinin ümumi statistikası aparılmasa da bunun yetərincə yüksək rəqəm olduğunu ehtimal etmək mümkündür. Məsələn, Mərkəzi Bankın (AMB) statistikasına görə, 2016-cı ilin 31 mart tarixinə ölkə üzrə əmlak sektoruna ümumi kapital qoyuluşları 3,054 milyard manat olub. Bunun yalnız 681 milyard manatı, yəni təxminən 22%-i Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərinin payına düşür. Kommersiya banklarının verdiyi ipoteka kreditləri isə tikinti sektoruna ümumi kapital qoyuluşlarında 28%-i təşkil edir və 853 milyon manata bərabər olub. 

AMB-nin statistikasını dəqiq araşdırdıqda 2016-cı ilin birinci rübündə bu göstəricinin bir qədər aşağı düşdüyünü görmək olar. 2015-ci ilin dekabr ayında kommersiya banklarının verdiyi ipoteka kreditləri və ya bu tip kapital qoyuluşları 871 milyon manata bərabər olub. Bank sahəsi üzrə hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov müsahibəsində bunu bankların ipoteka kreditlərində dollara keçməsi ilə izah edir: «Devalvasiyadan sonra banklar ipoteka kreditlərini yalnız dollarla verməyə başladılar. Bu isə müştəri sayını azaltdı, hər adam dollarla ipoteka kredit götürməyə risk etmədi».

Devalvasiyadan sonra dollarla ipoteka krediti götürmüş bir çox müştərilər sonradan peşman olublar və məhkəməyə müraciət edərək kreditlərinin müqavilə bağladıqları zamanın məzənnəsinə uyğun şəkildə manata keçirməyi tələb ediblər. Əkrəm Həsənovun sözlərinə görə, belə vəziyyətdə olan müştərilərin sayı minlərlədir.

Vəkil öz təcrübəsinə əsaslanaraq kommersiya banklarının öz vəsaitləri ilə ipoteka krediti verməsini dayandıracağını ehtimal edir: «İndi heç bir bank 20-25 ilə manatla kredit verməyə risk etməz. Buna görə də banklar ancaq AİF-in vəsaitlərini yerləşdirən müvəkkil bank kimi bu fəaliyyətə qatılacaqlar. Amma sosial evlər layihəsi həyata keçərsə, ümumilikdə, ipoteka kreditlərinə maraq azalacaq. Hər halda, dərəcənin sıfır olması bu evlər üzrə ödənişlərin ipoteka ödənişlərindən iki dəfəyə qədər az olmasına şərati yaradacaq. İpoteka kreditləri də əhali üçün yararlı ola bilər. Bunun üçün mənzil qiymətlərindəki şişirtmələr aradan qaldırılmalıdır».

Müstəqil araşdırmalar göstərir ki, Bakıda inşa edilən mənzillər ilkin bazarda tikintiyə və əraziyə yatırılan xərclərdən 3 dəfəyə qədər baha təklif edilir. İş adamları bahalaşmanı qeyri-rəsmi xərclərlə izah edirlər. Sosial evlərin tikintisi və dövlət ipotekası ilə yanaşı kommersiya banklarının da ipotekaya cəlbi üçün bu xərclər aradan qaldırılmalıdır. Nəticədə, Azərbaycanda tikinti sektoru yetərincə canlana bilər, bu isə on minlərlə iş yeri ilə yanaşı, on minlərlə ailənin özünə məxsus ailə ocağına qovuşması deməkdir.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR