Noyabrda ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında üzərinə benzin törərək özünü yandıran Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovdan xəbər var. Onun vəziyyəti yaxşılaşıb, hazırda müayinəsini palatada davam etdirir.
Aktual.az xəbər verir ki, bu barədə ans press-ə Respublika Yanıq Mərkəzindən bildiriblər. Verilən məlumata görə, Malik Hüseynovun səhhətində son günlər müsbətə doğru irəliləyiş hiss edilib və buna görə də o, palataya köçürülüb: "Düzdür onun yaraları hələ də ağırdır. Ancaq onun yemək yeməsi, su içməsi bərpa edilib. Bütün bu irəliləyişləri nəzərə alan həkimlər onun palataya köçürülməsinə icazə verdi. Onun səhhəti hər gün biraz daha yaxşılaşır", - deyə xəstəxanadan bildirdilər.
Xatırladaq ki, noyabr ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov üzərinə benzin törərək özünü yandırıb. O, dərhal ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub.
Hadisədən sonra xəsarət alan şəxsin anası Səkinə Hüseynova ANS PRESS-ə müsahibəsində bildirib ki, oğlu özünü banka olan borcunu ödəyə bilmədiyi üçün yandırıb: "Malik bu ilin yanvar ayında morqlardan meyit daşımaq üçün özünə avtomobil aldı. O, həmin maşının sahibinə 9 min manat məbləğində nağd ödəniş edib və qalan məbləği bank vasitəsi ilə ödəməyi qərara alıb. Bunun üçün də "Muğanbank" ASC-dən 5000 manat məbləğində kredit götürüb. Manat devalvasiyaya uğrayana qədər oğlum pulu normal şəkildə ödəyirdi. Ancaq dollar bahalaşmasından sonra ödəniş etməyi bir az çətinləşdi. Son iki ayda isə ümumiyyətlə ödəniş edə bilmədi. Buna görə də, maşın axtarışa verilib".
Ailə başçısının maşını bir neçə gün öncə axtarışa verildiyi üçün o, hətta ailəsinə çörək də ala bilməyib. Ailənin xanımı deyir ki, dəfələrlə, gecə-gündüz demədən bankdan zəng vururdular ki, gətir pulu ödə. Bütün bunlara görə də, Malik banka gedib və orada Şıxı adında şəxs (soyadını dəqiqləşdirə bilmədik) ona deyib ki, get bildiyini et, amma maşın sənə qaytarılmayacaq. "O, bankdan çıxandan sonra anasına və mənə zəng vurub halallaşdı. Biz ilk başda nə olduğunu anlaya bilmədik. Sonra isə məlum oldu ki, o, özünü yandırıb".
Hadisədən sonra məsələ ilə bağlı "Muğanbank"-dan da açıqlama verilib. Verilən məlumata görə, onların Malik Hüseynov adında müştəriləri olmayıb.
“Kütləvi informasiya vasitələrində 23.11.2015-ci il tarixdə “Muğanbank” ASC-nin Binəqədi filialının qarşısında Malik Abbas oğlu Hüseynov adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Malik Abbas oğlu Hüseynov adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə, “Muğanbank” ASC-də Malik Abbas oğlu Hüseynov adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Malik Abbas oğlu Hüseynova məxsus avtomobilin saxlanılmasına dair müraciət edilməyib”, -deyə bankdan bildirmişdilər.
Yanan şəxsin 3 azyaşlı övladı var və onlardan biri xəstədir.
Aktual.az