Balaca boylu kişilər...

Balaca boylu kişilər...

İnsan psixologiyasını biləndə insanları  tanımaq olur. Belə ki, bədən diliylə, mimikalarla, jestlərlə insanların nə deməsini başa düşmək olur. Bu gün balaca boylu kişilərdən danışacam. Lap əvvəldən lap balaca boy kişi kimi tanıdığım Rafiq əmi həmişə diqqətimi çəkirdi. Hətta anama “belə də balaca boy kişi olar” deyə sual verərdim. Amma bir az sonra Rafiq əmi öz “Volva”sı ilə diqqətimi çəkdi. Kişi gözümdə o qədər böyüdü ki...


Təsəvvür edin “ Volva”nın içinə baxanda onun ancaq bərəlmiş gözlərini görmək olurdu. Zalım balası döşəkçədən-zaddan da qoymurdu ki, yolu adam balası kimi görsün. Amma biz onu görməsək də, onun maşınını  uzaqdan görürdük. Sonra Rafiq kişinin evi yandı, dedilər “Volva”sına göz dəydı. Amma bir az sonra o  üç mərtəbəli evlə yenidən gündəmə gəldi. İndi Rafiq kişi hamıdan uca, hamıdan hündür görünürdü. Sonra bir ət dükanı da acdı, evinin altında, vəssalam, şüttamam, kişinin boyu oldu 1.80 sm.


Həə, sözümün canı başqadı e...


Bu balaca boylu insanlar, xüsusən də kişilər çox iddialı olurlar. Müşahidələrimə əsasən onların həyatında qadınlar da çox olur. Bunun əsas səbəbi öz daxilindəki balaca boyluluq kompleksini dəf  etmək anlamına gəlir. Belə ki, onlarda kompleks yaranır ki, qadınların onlara meyli olmaz. Amma onlar “öz beyin”lərini işlədib “qadın dili”ni öyrənirlər. Beləliklə ovlanan hər qadın kompleksdən azad olmağa onlara imkan verir. Belə də onlar rahat olur və özlərinə inamı çoxalır. 


Hələ balaca boylu,  bığlı kişilər bu mənada daha aqressivdilər. Məncə onların iddiası bığsız kişilərə nisbətən çoxdu . Üstəgəl fikirləşsək ki, bığ saxlamaq da köhnə kişilərdən gələn ənənədir. Bax belə yerdə, kişi bığına bir də sığal çəkib, Koroğlu, Qacaq Nəbi olmaq istəyir. 


Balaca boylu kişilər həm də vəzifəpərəst olur. Axı vəzifəsi olanda adam bir az da hündür görünür. Həm qadınlar da belə kişilərə meyl edir.


Yəni, əziz kişilər əgər balaca boylusuzsa, ürəyinizi sıxmayın, borc-xərc edib bir “Volva”,  xərc-borc edib vəzifəyə düzəlsəz, hamıdan hündür görünəcəksiz...


Amma istər hündür boylu, istərsə  də balaca boylu kişi olsun, əgər əlini stola çırpa bilmədisə, dizinə çırpacaq...



Ayna Məmmədova/Aktual.az

Xəbər 4783 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR