“Baku Business Factory” gənclər üçün seminarlar təşkil etməyə başlayır

“Baku Business Factory” gənclər  üçün seminarlar təşkil etməyə başlayır

“Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir.

Aktual.az "Report"a istinadən xəbər verir ki, təşkilatdan verilən məlumata görə, fevral ayından etibarən mərkəzdə gənc təşəbbüskarlar üçün mütəmadi olaraq tanınmış mütəxəssislər tərəfindən seminar və təlimlər təşkil ediləcək. Bu tədbirlərdə mərkəzin üzvləri ilə yanaşı, bu mövzularda maraqlı olan istənilən şəxs iştirak edə bilər, yəni tədbirlərdə iştirak hamıya açıqdır. Bunun üçün təşkilatın "Facebook" səhifəsinə və ya e-mail adresinə ([email protected]) adınızı, soyadınızı və iştirak etmək istədiyiniz seminarın adını göndərməyiniz kifayətdir.
Bu mövzuda keçiriləcək ilk tədbir tanınmış marketoloq Rəhman Əhmədovun təqdimatında “Markanın mövqeləndirilməsi” mövzusunda seminar olacaq. Rəhman Əhmədov "Lokal Market(ing) 1" və "Lokal Market(ing) 3" kitablarının müəllifidir. O, Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Universitetində Marketinq menecmenti fənnini tədris edir, eyni zamanda "Aztol Motors"da Marketinq direktoru vəzifəsində çalışır. Seminar “Baku Business Factory”nun Nizami küçəsi 203, AF Business House, 3-cü mərtəbəsində yerləşən ofisində keçiriləcək. Tarix: 6 fevral, Saat: 14:00.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə, bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR