Ötən ilin sentyabr ayından bu günədək “Baku Bus”ın 59 sürücüsü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad edilib.
“Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin verdiyi məlumata görə, 163 sürücüsü isə müxtəlif səbəblərdən intizam məsuliyyətinə cəlb olunub.
Bundan əlavə göstərilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub.
M. Piriyev daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanların da olduğunu qeyd edib: “Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqlarına dair olub. Məsələn, "qapını döydüm, sürücü açmadı", "pəncərəni açmaq istədim, sürücü icazə vermədi", "avtobusda temperatur çox aşağıdır, yaxud istidir", "kondisioneri sürücü qoşmadı və yaxud avtobus gec gəldi”.
“Baku Bus” avtobuslarının gecikmələri ilə bağlı şikayətlərə də aydınlıq gətirilib: “Gecikmə ilə bağlı şikayətlər əsasən, səhər saatlarında, xüsusən 8:30 – 9:00 radələrində daxil olur. Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələr baş verir. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa, bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir”.//Lent.az