"Əvvəllər rayondan gətirdiyim məhsulları Bakıda yaxşı sata bilirdim. Heç bir problem də yaşamırdım.
Nə yalan deyim, alıcılıq qabiliyyəti də yaxşı idi. Ancaq indi rayondan Bakıya gəlmək başdan-ayağa əziyyətdir. Gündə bir qadağa çıxarırlar. İndi də deyirlər ki, rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmasın. Bu mədəni şəkildə rayondan gələn insanların Bakıya buraxılmaması deməkdir. Sıxlıq filan boş şeydir" - 55 yaşlı İmişli rayon sakini Muxtar Ağayev belə deyir.
"Bizim Yol" qəzetinin hazırladığı materiala görə, M.Ağayev rayon maşınlarının Bakıya buraxılmaması haqqda verilən qərardan narazıdır. O, insanlar arasında ayrı-seçkilik salındığını deyir. O, bu haqsızlığın aradan qaldırılmasını tələb edir: "Yaxşı, deyirlər gəlməyin gəlməyək. Ancaq biri bizə desin ki, rayonda işimizi necə quraq? Nələr edə bilərik axı? Nə alıcılıq qabiliyyəti var, nə iş yerləri var, nə də bizə kömək edib, yol göstərən kimsə. Cavanlar belə özlərinə güclə iş tapırlar. İş tapmayanlar da Bakıya üz tuturlar. Sonra hamımız cavanları qınayırıq ki, dədə-baba yurdunu atıb getdi. Yaxşı, bu yazıq burada neynəsin? Gözləsin ki, nə vaxt yaşı çatıb öləcək? Bizim vaxtımızda belə deyildi. Bir təhər başımızı bir işlə qatırdıq. Ancaq indi zəmanə dəyişilib. Hər çey təmiz fərqlidir. Hamı maraqlı həyat istəyir. Hamı normal pul qazanmaq istəyir. Çünki millət əziyyət çəkməkdən yorulub artıq".
Qeyd edək ki, rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələb sentyabrın 15-dən qüvvəyə minib. Baş nazirin müavini, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov jurnalistlərə açıqlamasında deyib ki, yol polislərinə xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problemin olmaması barədə tapşırıq verilib: "Bu sahədə heç bir problem ola bilməz. Sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik. Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Duracaqda tam şərait var. Duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir?"
Rayondan tez-tez Bakıya gəlib-gedən vətəndaşlar yaranmış vəziyyətin onlara çətinlik yaratdığını, işlərinə sərf etdikləri zamanın isə artdığını deyir. Uzun illərdir Bakıda yaşayan, əslən isə Qazaxdan olan Tahir Seyidov deyir ki, tıxacları bəhanə edərək insanların Bakıya girişini azaltmaq istəyirlər. Bakı yalnız bakılılar üçün olsun deyirlər: "Uzun illərdir burda yaşayıram, işləyirəm. Ancaq rayon qeydiyyatındayam. Maşınımın da seriya nömrəsi rayona məxsusdur. İndi deyirlər ki, sən bu maşınla Bakıda gəzmə. Rayona getdinsə gələndə maşınını kənarda saxla, avtobusla gəl. Hər kəs başa düşür ki, şəhərdə insanları azaltmaq istəyirlər. Yaxşı, mən qayıdım gedim öz rayonuma. Orda nə edə biləcəm? Ailəmi necə dolandıracam? Əgər rayondakı şərait Bakıdan yaxşı olsa, inanın, heç kim Bakıya üz tutmaz. Ancaq bizdə inkişaf yalnız Bakı daxilində gedir. Elə bil Azərbaycan təkcə Bakıdan ibarətdir. İndi də deyirlər ki, niyə burda adam çoxdur?".
İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol" qəzetinə şərhində bildirdi ki, rayon maşınları ilə bağlı qadağa Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Konstitusiyada insanların ölkə daxilində sərbəst hərəkət etməsi təsbit olunub: "Əgər normal hüquq sistemimiz olsa idi, Konstitusiya Məhkəməsində iddia qaldırıb, məhkəmədən bununla bağlı şərh almaq lazımdır. Çox ciddi məsələdir. Ancaq təəssüf ki, belə bir müraciətin olub-olmaması haqqında məlumatım yoxdur. O ki qaldı regionların iqtisadi vəziyyətinə, rəsmi statistik məlumatlarda bu öz əksini tapıb. Ölkənin ümumdaxili məhsulunun 90 faizə yaxını Bakı və Abşeron rayonunda formalaşır. Xarici ticarətin 94 faizi Bakı və Abşeron rayonunun payına düşür. Yəni iqtisadi aktivlik Bakıda və Abşeronda özünü birüzə verir. Regionlardan Bakıya gələn insanlar öz doğma torpaqlarını, evlərini qoyub paytaxtda kirayə qalmağa ona görə razı olurlar ki, iş tapsınlar. İnsanlar Bakıya bulvarı, yeni tikililəri görməyə gəlmirlər".
N.Cəfərlinin sözlərinə görə, gələcəkdə Bakıda da iş yerlərinin qapanması, iqtisadi aktivliyin zəifləməsi müşahidə olunacaq: "Büdcə xərclərinin 4 milyard azalması əmək bazarına çox ciddi şəkildə təsir göstərəcək. Hökumət çoxdan düşünməli idi ki, əmək bazarında yaranmış gərginliyin həlli üçün hansı addımlar atılmalıdır. İki dəfə regionların inkişaf planı qəbul olunub. Ancaq regionların nə ümumidaxili məhsulda, nə büdcənin formalaşdırılmasında payı artmayıb. Yəni büdcədə regionların payı 3-4 faizi keçmir. Bunun özü göstərir ki, regionlarda iqtisadi vəziyyət hansı durumdadır. Azərbaycan hökuməti bununla bağlı ciddi planlar hazırlayıb, həyata keçirməli idi. Çox təəssüf ki, iki dəfə qəbul olunmuş regionların inkişaf planı tezislərdən və pafoslu sözlərdən uzağa gedə bilmədi. Regionlar ölkənin iqtisadi həyatında rol ala bilmədi. Ona görə də təbii ki, həm regionlarda, həm də Bakıda ciddi şəkildə gərginlik yaranacaq. O mənada ki, iş yerlərinin azaldılması insanların işsiz qalması, işsizlərin sayının artmasına səbəb olacaq".
"Hökumət bunu öncədən görsə idi, regionlarda daha cazibədar bir şərait yaratmalı idi ki, insanlar Bakıya gəlməsinlər və orda qalıb öz fəaliyyətləri ilə məşğul olsunlar. Cazibəli şərait nədən ibarət ola bilərdi? Ciddi şəkildə vergi güzəştləri olmalı idi, xarici ticarət asanlaşdırılmalı, insanların daha çox regionlarda iş qurmasına təşviq planları olmalı, faizsiz kreditlər olmalı idi və s. Dünya bu yolu çoxdan keçib. Məsələn, qonşu Türkiyədə 4 hissəyə ayrılıb ölkə. 4-cü region - yəni mərkəzdən daha kənarlarda iş quran istehsalla, turizmlə, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarına çox böyük vergi güzəştləri, faizsiz kreditlər tətbiq olunur. Bu da bir stimul yaradır. İnsanlar İstanbula, Ankaraya, Bursaya axışmasınlar və öz regionlarında iş qurmağa çalışsınlar. Bunun özü illərlə aparılmalı olan planın tərkib hissəsi olmalı idi. Təəssüf ki, bizdə belə deyil. Yaxın gələcəkdə isə daha da gərgin bir vəziyyətin şahidi olacağıq" - deyə N.Cəfərli bildirib.
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirdi ki, regionlarda vəziyyət çox gərgindir. Ekspertin sözlərinə görə, əhalinin bir hissəsi vaxtı ilə Rusiyaya və digər ölkələrə üz tutmuşdular: "Həmin ölkələrdə çalışmaqla ailələrini dolandıra bilirdilər. Ancaq son zamanlar Rusiyada və digər ölkələrdə problemlər yaranıb. Bizim regionda yaşayan əhalinin çox hissəsi demək olar ki, geri qayıdıb. Elə işsizlərin sayı regionlarda artıb. Həm də bölgələrdə istehsal kifayət qədər olmadığından, yəni məhsuldarlıq aşağı olduğundan, bazara giriş olmadığı, həm də hökumət idxala meylli olduğu üçün çox ciddi problemlər yaranıb. Bir tərəfdən əhalinin gəliri azalıb, digər tərəfdən isə işsizlərin sayı çoxalıb. Bu kənddə yaşayan əhalinin sosial durumuna çox ciddi təsir göstərib. Yeni iş yerlərinin yaradılması, kənddə emal müəssisələrinin açılması və kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün hökumətin hər hansı bir təşəbbüsü ortalıqda yoxdur. Onsuzda bizdə rayonlarda əhali sıxlığı var idi. Bilirsiniz ki, Azərbaycanda kənddə yaşayanlar əhalinin 47 faizini təşkil edir. Bu da çox ciddi problemdir".
V.Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatı ilə məşğul olan əhalinin 35 faizdən çox olması da ciddi problemə səbəb olur: "Həm məhsul istehsalı kifayət qədər deyil ki, əhalinin tələbatını təmin edə bilsin, həm də kənddə olan əhalinin təbii artımı şəhərlə müqayisədə yüksəkdir. Təəssüflər olsun ki, ölkənin neft gəlirlərindən əldə etdiyi vəsaitləri regionların inkişafına deyil, daha çox şəhərlərin və rayon mərkəzlərinin abadlaşdırılmasına xərclənib. Bu vəsaitlər kənddə emal müəssisələrinin, xüsusi ilə kənd təsərrüfatı məhsullarının emalı, pambıqçılığın inkişafına yönəlməli idi. Xüsusilə pambıqçılığın inkişafına önəm verilməli idi. Çünki bu sahə əmək tutumlu və əlavə dəyər yaradan sahədir. Yəni yüngül sənayenin inkişafına önəm vermək olardı. Bütün bunlar demək olar ki, vaxtında öz həllini tapmadı. İndi də problem dərinləşir".