"Bakinternet" internet provayderinin abunəçisi olan çoxlu sayda oxucu Milli.Az-a müraciət edərək artıq bir neçə gündür, hətta bir həftədən çoxdur ki, bu şirkətin internet xidmətindən normal yararlana bilmədiyindən, internetə girişdə fasilələrin yarandığından, bütün bunların isə onların müəyyən işgüzar fəaliyyətinə ziyan vurmasından, ödədiyi pulun müqabilində keyfiyyətli xidmət ala bilməməyindən şikayət edir.
Milli.Az yaranmış problemin səbəblərini öyrənmək üçün "Bakinternet" internet provayderinin məxsus olduğu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) müraciət edib. Birliyin nümayəndələrinin məlumat verməmək üçün "karusel" və "top ötürmə" əməliyyatlarından sonra bildirilib ki, BTRİB bununla bağlı mediaya məlumat vermir. Belə ki, internet problemi olan abunəçilər onlara müraciət etdikdə şikayətlər ATS-lərə yönləndirilir və məsələ də fərdi qaydada orada araşdırılaraq müvafiq tədbir görülür.
Abunəçilər isə qeyd edirlər ki, görünən odur ki, "Bakinternet" necə tədbir görürsə, istifadəçilər arasında kütləvi narazılıq yaranır və bunun da səbəbi açıqlanmır. İnternetə görə aybaay pullarını almadıqlarında xətti kəsən BTRİB-in rəsmilərindən indi kimsə çıxıb öz xidmətlərinin keyfiyyətsizliyi barədə hesabat vermək istəmir.