Bakının yeni nəqliyyat konsepsiyası tıxac problemini həll edəcəkmi?

Bakının yeni nəqliyyat konsepsiyası tıxac problemini həll edəcəkmi?

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakının Vahid Nəqliyyat Konsepsiyası hazırlanır və yaxın vaxtlarda tamamlanması nəzərdə tutulur.

Aktual.az  bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə deyib ki, konsepsiyada yol hərəkəti, sərnişindaşıma ilə bağlı qanunvericilikdən irəli gələn bütün məsələlər, eyni zamanda, qanunvericilikdə ehtiva edilməyən, ancaq müasir tələblərdən doğan məsələlər öz əksini tapıb:

"Misal üçün, qanunvericilikdə sərnişin və sürücü münasibətlərindəki davranış qaydaları ilə bağlı heç bir müddəa yoxdur. Ancaq sərnişinlərin ən çox müraciət etdiyi məsələlər sürücünün kobud cavab verməsi, avtobusu dayanacaq müəyyən edilməyən yerlərdə saxlaması və s. ilə bağlıdır. Konsepsiyada sürücülərlə bağlı bütün tələblər öz əksini tapıb. Eyni zamanda, indiyə qədər birmənalı şəkildə həmişə sürücü günahlandırılırdı, ancaq sərnişinin heç bir öhdəliyi, vəzifəsi və ya məsuliyyəti göstərilmirdi. Sərnişinin həmişə haqlı olduğu deyilirdi. Ancaq bu, belə deyil. Çünki nəqliyyat sistemini həm də sərnişinin davranışları formalaşdırır. Sərnişin sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edirsə, bu da onun xətalarına daxildir, eyni zamanda sərnişin kobud davranacaqsa, bu da qayda pozuntusu hesab olunacaq".

N.Allahyarovanın sözlərinə görə, eyni zamanda, konsepsiyada müəyyən olunub ki, indiyə qədər Bakının nəqliyyatla bağlı ən böyük problemi sərnişin axınının müəyyən olunmamasıdır: "Sərnişin axını çox qeyri-pərakəndədir. Tutaq ki, Bakıətrafı qəsəbələrdən gələn marşrut xətlərinə verilən avtobusların sayı orada olan sərnişin sayı ilə tərs mütənasibdir. Amma şəhər mərkəzində pik saatları çıxmaqla marşrut xətlərində bəzi avtobuslar var ki, onlar boş gedib gəlir".

O qeyd edib ki, hazırda Agenlik tərəfindən Bakı inzibati ərazisi boyunca həm marşurut xətlərində, həm də taksilərdə sərnişin axını müəyyən edilir: "Bu axın müəyyən olunduqdan sonra optimal variantlar təklif olunacaq. Eyni zamanda sıxlığın qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi pik saatlarda vətəndaşların işdən çıxma vaxtlarının bir qədər fərqli edilməsi ilə bağlı müfaviq qurumlara təkliflər göndərib. Tutaq ki, iş vaxtları saat 08:00-dan 17:00-a qədər və saat 09:00-dan 18:00-a müəyyən edilsin. Yəni saat 18:00-da hamının eyni vaxtda işdən çıxması probleminin qarşısı alınarsa, tixacın da qarşısı alınar. Birinci Avropa Oyunları vaxtı bir müddət bu cür növbəli iş sistemi tətbiq olundu, ancaq Bakı Nəqliyyat Agentliyi bunun daimi tətbiq edilməsini təklif edir".

N.Allahyarova əlavə edib ki, konsepsiya, eyni zamanda birmənalı şəkildə nağdsız ödəməyə keçidin hansı formada həyata keçiriləcəyini özündə əks etdirəcək: "Nəqliyyat sistemi ilə bağlı bütün bu və digər məsələlər konsepsiyada öz əksini tapıb".

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR