Bakının seysmik riskinin qiymətləndirilməsinə gələn il başlanıla bilər.
Aktual.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Bu layihəyə maliyyə dəstəyinin Alman Araşdırma Mərkəzi tərəfindən veriləcəyini deyən Q.Yetirmişli qeyd edib ki, məsələ ilə əlaqədar həmin mərkəzin mütəxəssisləri ilə sentyabr ayında Almaniyada görüş keçiriləcək.
Q.Yetirmişli görüş zamanı layihənin başlanma tarixinin də dəqiq müəyyənləşəcəyini söyləyib: "İki il əvvəl Almatıda olarkən Alman Araşdırma Mərkəzinə bununla bağlı təklif verdim. Onlarla bir çox müzakirələr apardıqdan sonra bu işin həyata keçirilməsinə razılıq veriblər. Layihə artıq qəbul olunaraq təsdiqlənib. Bu fəaliyyət alman mütəxəssisləri ilə birgə aparılacaq. Yəqin ki, gələn ilin əvvəlindən layihənin icrasına başlanılacaq".
Q.Yetirmişlinin sözlərinə görə, seysmik riskin qiymətləndirilməsi üçün Bakının mərkəzindəki köhnə və yeni tikilən binalar, eləcə də şəhər ətrafında olan binalar seçiləcək.
Layihənin iki illik olduğunu nəzərə çatdıran RSXM-nin baş direktoru bu işin mərhələlərlə aparılacağını, bütün Bakını əhatə etməsinin nəzərdə tutulduğunu da söyləyib.
Q.Yetirmişli əlavə edib ki, seysmik riskin qiymətləndirilməsi zamanı yeni texnologiyalardan istifadə ediləcək. Bunun üçün Almaniyadan ən müasir tələblərə cavab verən avadanlıqlar gətiriləcək: "Cihazların hamısını almanlar gətirəcək. Onların quraşdırılması, işləməsi isə yerli mütəxəssislər tərəfindən aparılacaq".