Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukraynaya çatıb.
Aktual.az xəbər verir ki, Ukraynanın Xmelnitski vilayətində humanitar yardımın təhvilvermə mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Ukrayna Energetika Nazirliyinin nümayəndəsi Petro Lutsiv, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə açıqlama verən Sabir Rzayev bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.
Göstərdiyi növbəti yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Petro Lutsiv isə bildirib ki, bu gün yenidən dost Azərbaycandan kabel məhsulları alınıb.
"Biz Azərbaycandan olan həmkarlarımıza və bütün Azərbaycan xalqına mübarizəmizi davam etdirməkdə və Ukrayna ərazisində düşmən təcavüzünə qalib gəlməkdə bizə göstərdikləri əvəzsiz köməyə görə son dərəcə minnətdarıq. Bizim üçün belə çətin bir zamanda Ukraynaya göstərilən dəstəyi yüksək qiymətləndiririk”, - deyə Petro Lutsiv əlavə edib.
Xatırladaq ki, Ukraynaya bundan əvvəl də ölkəmiz tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.
Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə humanitar yardım fəaliyyətləri çərçivəsində ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına "Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Xəbər 464 dəfə oxunub.