Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən ilk dəfə olaraq Böyük Bakı ərazisində təhlükəli geomorfodinamiki proseslərin inkişafının qiymətləndirilməsi aparılıb və bunun nəticəsində təhlükəli sürüşmə ocaqları müəyyənləşdirilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib ki, ilkin nəticələrə görə, Bakıda Dağüstü park, Bayıl yamacı, Gəncə prospekti, Yeni Günəşli yaşayış massivi, köhnə kərpic zavodunun ərazisi və Masazır qəsəbəsində sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir.
S.Tarixəzəri bildirib ki, tədqiqat zamanı son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsinin 12-13 faiz böyüdüyü, sürüşən torpaqların həcminin isə 15-20 faiz çoxaldığı məlum olub. Bayıl yamacında sürüşmənin qarşısını almaqdan ötrü burada çoxmərtəbəli binaların tikilməsinin qadağan edilməsi, yeraltı suların axmasının dayandırılması, ağacların əkilməsi təklif edilir.
Alim bildirib ki, Bakıda sürüşməyə təbii amillərlə yanaşı, daha çox texnogen amillər - su, kanalizasiya borularının köhnəlməsi, yamacların kəsilməsi, çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.
Hazırda tədqiqatların davam etdiyini nəzərə çatdıran S.Tarixəzəri qeyd edib ki, sadalalan ərazilərdə sürüşmə sahələrinin sərhədləri dəqiqləşdirilib, onları yaradan amillərin təhlili aparılıb və törətdikləri fəsadlar qiymətləndirilib: "Bununla yanaşı, Bakı şəhərinin və ətraf ərazilərinin relyefinin 3D modeli yaradılıb. Bu modelə sürüşmə yayılan ərazilərdə aparılan topoqrafik planalma işlərinin nəticələri daxil edilib".