«Grandmart», «German Hospital», «Turan» Bank və başqa müəssisələr Qutqaşınlı küçəsini zəbt edib
Bakının bir küçəsi var, orada kim nə istəyir edir, kim maşını necə istəyir saxlayır, kim harada istəyir dayanacaq yaradır. Bu küçə Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsidir. Bu küçəni yol polisi demək olar ki, unudub. Əgər belə olmasaydı, fotolarda gördüyünüz biabırçı mənzərə ortaya çıxmazdı.
Haqq üçün qeyd etmək lazımdır ki, yol polisi bu küçənin yalnız o biri başında – Beynəlxalq Bankla Xalq Bankın yerləşdiyi ərazidə hərdən gözə dəyir. Onda da gündəlik təxminən 15-50 maşını evakuasiya edib qeyb olurlar. Amma küçəboyu elə biabırçı mənzərə yaşanır ki, bunu görməmək mümkün deyil. Hazırda bu küçədə iki yeni bina tikilir, ikisi isə təmirlə əlaqədar olaraq hasara alınıb.
Təbii ki, əksər yerlərdə olduğu kimi, burada da şəhərsalma qaydaları pozulub və binaların təməli piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərin üstündən qoyulub. Hasar da çəkilibsə, deməli, yolun daralması mütləqdir. Bəli, düz 4 binaya görə yol daralıb, yolun hərəkət hissəsinə hasar çəkiblər. Hasarın qarşısında həmin binada yaşayanların və işləyənlərin maşınları park edilib…
Bundan əlavə, bu küçədə məşhur «Grandmart» mağazası yerləşir. Bura hər gün yüzlərlə alıcı öz avtomobili ilə gəlir. Bu marketin qarşısından gün ərzində bir dəfə tıxaca düşmədən keçən sürücü varsa, onu qəhrəman hesab etmək olar.
Aktual.az avtosfer.az-a istinadən xəbər verir ki, bu marketin qarşısında 3 nəfər parkinq nəzarətçisi kimi ora-bura qaçır, guya maşınlara yer edir. Amma marketə gələn adamlara heç bir xidmət göstərmədən 1 manat alırlar. Daha çox qazanmaq üçün isə maşınların paralel, perpenduklyar, bir-birinin arxasında, əyri, düz, yəni, bütün həndəsi fiqurlarda dayanmasına imkan yaradırlar. Mağazaya gələn müştərilərin əksəriyyəti qadınlar olduğu üçün onların maşını düzgün park edə bilməməsi vəziyyəti daha da qəlizləşdirir.
«German Hospital»ın qarşısında isə vəziyyət o qədər acınacaqlıdır ki, burada cəmi bir hərəkət zolağı qalıb. Yəni, kiminsə insafı olsa bir-birinə yol verəcək, olmasa, bir dəqiqənin içində elə bir düyün yaranır ki, adam bu küçə ilə hərəkət etdiyinə görə həyatına nifrət edir.
Bu xəstəxananın işçiləri maşını səkiyə paralel, perpenduklyar və hətta yolun hərəkət hissəsində saxlayıb gedirlər, Ora gələn xəstələr də yerə tapa bilməyib maşını yolun ortasında saxlamalı olurlar. Xəstəxanadan çıxanların arasından müştəri gözləyən taksilər də onlardan geri qalmır.
«Çeburaşka» uşaq bağçasının, «Milenium» turizm şirkətinin və «Ruzi» marketin də qarşısı biabırçılıqdır. Burada firma maşınları, inkassatorlar, şəxsi maşınlar elə biabırçı formada dayanır ki, sanki bu sürücülərin yol hərəkəti qaydalarından xəbəri yoxdur və ya onlar başqalarından daha üstündür.
«Turan» Bankın qarşısında da hər gün sıxlıq olur. Burada yolun bir tərəfi bankın işçiləri və müştəriləri tərəfindən zəbt olunduğu üçün digər sürücülər yalnız bir zolaqdan istifadə etməli olurlar. Əgər qarşıdan 4-5 maşın eyni vaxtda gəlirsə, dayanıb onlara yol verməlisən ki, sonra qarşı yola çıxıb yoluna davam edəsən.
Fotoda gördüyünüz və yolun ortasında dayanıb yolu kəsən 90 MH 009 dövlət nömrə nişanlı «Mercedes»in sürücüsünün sürücülük mədəniyyətindən danışmaq yəqin ki, yersiz olar. Təsəvvür edin, burada iki hərəkət zolağı var, biri gedənlərin, o biri də gələnlərin yoludur.
Bu «ağıllı» sürücü maşını yolun düz hərəkət hissəsində saxlayıb və qəza işıqlarını da yandırıb ki, gedin başınıza çarə qılın. Sürücü maşında yoxdur, maşının arxasında da onlarla avtomobil yığılıb və keçib gedə bilmirlər. Bir az irəlidə də təmir olunan binaya görə yol daraldığı üçün üzü o yana gedən maşınlar da keçib gedə bilmir. Çünki məhz bu maşına görə üzübəri gələn maşınlar keçib gedə bilmir və bununla da tıxac yaranır.
Qutqaşınlı küçəsinin o biri başında – Mikayıl Müşfiq küçəsi ilə kəsişmədəki svetoforun qarşısı biabırçılıqdır. Burada yarpaq formasında inşa olunmuş binada yaşayanlar və işləyənlər maşınlarını yola paralel yox, perpenduklyar saxladığı üçün yolun hərəkət hissəsini kəsirlər.
Təsəvvür edin ki, Nərimanov heykəlindən yuxarı qalxan sürücülər yeni quraşdırılmış svetofordan sağa – Qutqaşınlı küçəsinə dönərkən hərəkət etməyə yol tapmırlar. Gərək həmin sürücülər gözləsin ki, Qutqaşınlı küçəsindən M.Müşfiq küçəsinə çıxan maşınlar keçib getsin, onların yolu boşalsın və faktiki olaraq qarşı yola çıxıb hərəkət etsinlər.
Bu küçədəki özbaşınalıqları görəndə belə təəssürat yaranır ki, ya bu küçədə ancaq özbaşına sürücülər dayanır, heç bir qanuna məhəl qoymurlar və ya qayda-qanundan xəbərləri yoxdur, ya da baxıb görürlər ki, yol polisi bu küçəyə gəlmir, nəzarət eləmir, kamera-filan da yoxdur və bu da həmin sürücüləri ruhlandırır ki, kefləri istəyən kimi hərəkət etsinlər.
Əsas küçələrdə sıxlıq yarananda, yollar bağlananda yol polisi sürücülərə məsləhət görür ki, alternativ yollardan istifadə etsinlər. Qutqaşınlı küçəsi də alternativ yollardan biridir. Amma bu küçəyə bir girən sevinir, bir də çıxan. Çünki bu küçəyə yol polisi nəzarət etmir və «ağıllı» sürücülər də burada istədikləri kimi hərəkət edirlər.
Ümid edək ki, yol polisi bu küçədə tezliklə qayda-qanunu bərpa edəcək və özbaşınalıq edən sürücülər də həmin qayda-qanuna riayət edəcəklər…
// Aktual.az