Qarabağ münaqişəsinin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün müəyyən tədbirlərin görülməsinin tələb olunacağı aydındır.
Aktual.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar AB-nin sülhməramlı missiyasının Qarabağda mümkün yerləşdirilməsini şərh edərkən deyib.
"Hipotetik suallar stimullaşdırır, lakin onları zaman-zaman cavabsız qoymaq lazımdır. Münaqişənin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün bəzi tədbirlərə ehtiyac duyulacağı aydındır. Ancaq tam ayrılmadan inteqrasiyaya keçə biləcəyimizi güman etmirəm. Ona görə də geniş mənada Bakının baxışının nədən ibarət olduğu, masanın üstünə nələrin qoyulduğu haqqında səmimi müzakirəyə başlamağı vacib sayıram”, - o bildirib.
Klaar sülh sazişinin müzakirələrinin davam etdiyini, mətnlərin mübadiləsinin aparıldığını bildirib:
"Prosesin dayandığını deməzdim. Bu, təşviq edilməli olan bir prosesdir. Amma bu gün də qaldırılan sual odur ki, sülh müqaviləsi imzalanandan sonra nə baş verəcək? Hərtərəfli sülhü necə təmin edəcəyik? Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi necə olacaq? Ermənistan və Azərbaycanda insanlar ünsiyyətə necə başlayacaq? Sülh sazişinin olması bir şeydir, amma son nəticədə bu münaqişədən irəli gələn məsələlər öz həllini tapmalıdır”.
Xəbər 205 dəfə oxunub.