Bakılı məmurun narkoman qızından - TÜKÜRPƏDİCİ SÖZLƏR

Bakılı məmurun narkoman qızından  - TÜKÜRPƏDİCİ SÖZLƏR

…Müsahibə vermək təklifi ilə dərhal tez razılaşır. Heç bir şərt irəli sürmədən, “evimiz yaxındır”deyir və cavab gözləmədən yola düşür. Bakı şəhər Narkoloji Dispanserdən çıxıb Yasamaldakı məhəlləyə piyada gedirik. Və nəhayət, dar və səliqəsiz otağa daxil olub oturmağa yer axtarırıq. Otaqdakı yeganə çarpayının yaxına qoyulan zibil qutusu daşır, ətrafdan üfunət qoxusu gəlir. Masanın üstündəki çirkli qabı zibil qarışıq qutuya atır…

21 yaşlı Arifə Məmmədova 4 ildir narkotik istifadəçisidir. “17 yaşından narkotikdən istifadə edirəm. Bilirsiniz, ən çox nəyə təəssüflənirəm? Bacımı da özümlə birgə bu bataqlığa saldım. Ailəsi dağıldı, uşaqları əlindən alındı. Mən müalicə olunmaq, yaşamaq istəyirəm. Amma bacım…”

Kövrəlir və əlini masaya çırpır.

Arifə deyir ki, ilk dəfə rəfiqəsinin ad günündə kokain “dadıb”. Məktəb direktoru olan atası qızının narkoman olmasını qəbul etməyib. “Ailədə problemlər, qadağalar başladı, mənimlə lazımsız əşya, murdar varlıq kimi rəftar edirdilər. Mən də atama inad bacımı da bu yola sürüklədim. Sonradan evi satdıq, indi kirayələrə verməyə pul tapa bilmirik...”

Azərbaycanda qadın narkomanların sayı ildən-ilə artır. Faciə ondadır ki, əvvəllər kişilər, məsələn, həyat yoldaşları qadını bu yola sürükləyirdilər. İndi isə, əksinə,

qadınlar kişiləri cəlb edir. Bunu isə baş narkoloq Lyudmila Cəfərova deyir.

Narkomaniyanın gətirdiyi təhlükə bununla yekunlaşmır. Amma bu barədə bir qədər sonra…

Narkomanların sayı son 5 ildə 10 dəfə artıb. Xəbər lentində ara-sıra belə məlumatlar oxusaq da, təhlükənin bir addımlığında olduğumuzu təsəvvür belə etmirik. Statistikaya qadın və uşaqların sayını da əlavə etsək, narkomaniyanı “Azərbaycanda gec-tez partlayacaq bomba”ya bənzədənlərə haqq qazandırmamaq olmur. “Ağ ölüm” məktəblərə qədər uzanıb, artıq 9-14 yaşlılar da statistikada önəmli yer tutur.

Səbəblər müxtəlifdir, amma son 3-4 ildə bu səbəblərə internet də əlavə olunub. Profilaktika, maarifləndirmə və bu kimi tədbirlərə illərdir milyonlarla manat vəsait ayrılır. Amma nəticə dəyişmir, hətta əksinə son illər süni narkotik vasitələr meydana çıxıb ki, bu da insanı tamamilə məhv etməyə qadirdir.

Nəzərə alsaq ki, təbliğat və ya qadağalar bəzən əks təsir göstərir, deməli, çıxış yolları da daralır. Belə məlumatları xəbər saytlarından çıxarmaq, təkzib etmək və ya statistikanı azaltmaq təcrübəsi də işə yaramır. Bəs nə etməliyik? Uşaqları “ağ ölüm”ün pəncəsindən necə qurtarmaq olar? Hazırda narkomaniyanın mülicəsi necə aparılır?

Virtualaz.org saytı bu suallara cavab axtarıb.

Statistika: Azərbaycanda narkomaniya cavanlaşaraq, 13-14 yaşa keçib

Əvvəlcə rəsmi statistikaya nəzər salaq: Narkotik vasitə istifadəçilərinin 11 min 402 nəfəri Bakıda qeydiyyatdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkədə 28 min 656 nəfər narkoman qeydiyyatda olub.

Nazirliyin açıqlamasında qeyd olunur ki, narkotiklərdən ilk istifadənin əksər halları məhz 15 yaş dövründə baş verir. (70 faizə yaxın hallarda)

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının ötənilki hesabatında isə deyilir ki, narkotik aludəçilərinin 20 min 276 nəfəri opioid, 8 min 380 nəfər kannabinoid qrupuna aiddir.

Narkoman qadınların sayı artır: ildə 5,4 faiz

Arifə Məmmədova etiraf edir ki, ailə üzvlərindən birinin narkoman olması həmin ailənin tədricən parçalanmasına, ailədaxili münaqişələrin yaranmasına, ən yaxşı halda isə, ailənin yoxusullaşmasına səbəb olur. Bu da ailəsinin məhvinə gətirib çıxarır.

L.Cəfərova isə deyir ki, son 1 ildə narkoman qadınların sayı 5,4 faiz artıb. Bakı şəhər Narkoloji Dispanserdə ötən il 313 qadın qeydiyyatda olub.

Narkotika məktəblərdə

Yəqin çoxları xatırlayır, səhiyyə nazirinin müavini jurnalistlərə açıqlamasında orta məktəb şagirdləri arasında narkotikdən istifadə edənlərin olduğunu söyləmişdi. Amma Təhsil Nazirliyi araşdrma aparmaq əvəzinə deyilənləri tələm-tələsik təkzib etməklə guya ki, məsuliyyətdən yaxa qurtara bildi. İndi isə rəsmi statistikaya görə, azyaşlı narkomanların sayı əhəmiyyətli dərəcədə artıb. Biz hələ qeyri-rəsmi statistikanı nəzərə almırıq.

L.Cəfərova da etiraf edir ki, orta məktəblərdə, liseylərdə narkomaniya əsl problemə çevrilib: “Açıq demək lazımdır ki, məktəblərdə problem yaranıb. Məsələn, bu il orta məktəblərdə çalışan psixoloqların iştirakı ilə təlim keçirdik. Psixoloqlar şagirdlərin yoxlanılmasını tələb edirdilər. Onlar da məktəblərdə narkotik vasitələrdən istifadə edidiyini etiraf edirlər”.

Baş narkoloq onu da deyir ki, narkotik məktəblərə yol açıb və bu danılmaz faktdır: “Biz bundan xəbərdar idik. Amma təlimlərdən sonra bir daha əmin olduq. İndi anonim müayinə və müalicə var. Biz müraciət edənlərdən adını da soruşmuruq, anonim müraciət edənlərin adı qeydiyyata alınmır”.

 Mütəxəssisin sözlərinə görə, hazırda 7-ci sinifdən başlayaraq narkotikdən istifadə edənlər var. Dispanserə müraciət edənlər arasında 16-17 yaşlılar da çoxdur.

Respublika Narkoloji Mərkəzində isə 8 azyaşlı xəstə qeydiyyatdadır. “Anonim müraciət edənlər arasında 6-9-cu sinif şagirdləri var. Biz onların qeydiyyatını aparmırıq. Amma etiraf edək ki, hər il qeydiyyata alınanların 80 faizi 18-35 yaşlılardır. Ötən il disponser qeydiyyatına 417 xəstə düşüb”.

 “Dərdi kimə deyək, ata heç ayaq üstə dayana bilmir”

“Müşahidələr göstərir ki, belə gənclərin əksəriyyətinin ya atası, ya da anası narkomandır. Bəzi valideynlər spirtli içki düşkünüdür. Psixoloqlar da etiraf edirlər ki, uşaqların dərdlərini söyləməyə adam tapmırlar. Ata məktəbə çağırılır, amma ayaq üstə dayana bilmir ki, övladının problemlərini dinləsin”, - deyə baş narkoloq qeyd edir.

Onun sözlərinə görə, ikinci səbəb uşaqların psixi cəhətdən stabil olmamasıdır: “Uşaq psixi cəhətdən normal deyil, ancaq valideynlər bir dəfə də olsun nə psixatıra, nə də nevropotoloqa müraciət etməyiblər. Məsələn, ata deyir ki, uşaq bir dəfə 3-cü mərtəbədən, bir dəfə də damdan yıxılıb, baş travması alıb. Baş ağrıları olub, amma uşağı heç vaxt həkimə aparmayıblar. Uşaq siqaret çəkməyə başlayıb, sonra narkotikə keçib. Uşaqda psixoloji dəyişiklik olub, travmalı insanlar narkotik qəbul edərkən beyin buna çox tez alışır. Belələrinin müalicəsi də çətindir”.

L.Cəfərova deyir ki, narkotikanın zərərləri ilə bağlı maarifləndirmə aparılsa da, yenə əsas məsuliyyət valideynlərin üzərinə düşür. “Maddi problem, işin çoxluğu uşaqların nəzarətsiz qalması üçün səbəb ola bilməz. Uşaq zəhmətə alışdırılmalıdır ki, pulunu narkotiklərə verməsin”, - deyə mütəxəssis məsləhət verir.

İnternet bəlaya çevrilib

Baş narkoloq onu da söyləyir ki, əvvəllər 14-15 yaş uşaqların yeniyetmə dövrü sayılırdı. İndi internet, filmlər uşaqları vaxtından əvvəl “oyadır”. Artıq 11 yaşlı uşaqlarda davranış pozuntuları müşahidə edilir. “Valideyn bilməlidir ki, siqaret çəkən uşaq narkotiklərə tez aludə olur. Onsuz da insanın genetikasında asılılığa meyl var. Buna görə də, hər bir hərəkət meyl yarada bilər. Məsələn, kliplərə baxaq. Bəzi müğənnilər guya dərd çəkirlər, dərdlə birgə siqaret də çəkilir. Yəni siqaret dərdin dərmanı kimi təqdim edilir. Müğənnilərin həyat tərzinin reklamı da uşaqlara təsir edir”.

Həkim deyir ki, ötən il 14-15 nəfər 7-8-ci sinif lisey şagirdləri müraciət edib. Azyaşlılar parti keçirib, orada anaşa çəkiblər: “Onlarla söhbətdən belə bəlli olurdu ki, anaşa ilə ilk tanışlıq internetdən bşlayıb. Buna görə də, valideynər uşaqların internetdə vaxt keçirmələrinə nəzarət etmlidirlər”.

Apteklərdə hələ də narkotik tərkibli dərmanlar satılır

L.Cəfərova deyir ki, əvvəllər yalnız maddi imkanı yaxşı olan ailələrin övladları narkoman idi. İndi isə təbəqələşmə aradan qalxıb. Hazırda heç kim narkotiki əldə etməkdə çətinlik çəkmir. “Məsələn, bəzi apteklər hələ də “Tramal”, “Lirika” dərmanları satır. Hətta uşaqlar deyirlər ki, bu dərmanlar zərərli olsaydı, apteklərdə satılmazdı. “Lirika”nı aptekdə satmaq olmaz. Bu dərman yalnız xəstəxanalarda işlədilə bilər. Belə dərmanları satanlar bilməlidir ki, pula görə 11 yaşlı uşağa bu dərmanı satanın da qapısını döyəcəklər”, - deyə baş narkoloq vurğulayır.

Yeni bəla: Sintetik narkotika

L.Cəfərova onu da bildirir ki, son vaxtlar müalicəni çətinləşdirən problemlərdən biri də sintetik narkotiklərdən istifadədir: “Əvvəl morfidən istifadə edilirdi, anaşa çəkənlərin sayı az idi. İndi getdikcə həm narkomanların yaşı cavanlaşır, həm də müxtəlif formalar meydana çıxır. Məsələn, hazırda əksəriyyət sintetik narkotik vasitələrdən istifadə edir. Buna görə də, getdikcə xəstələrin vəziyyəti ağırlaşır”.

Adi otların qrışığından narkotik hazırlanır: “Məsələn, 4-5 bitkidir, onlar meşədə bitir, bu bitkilərdən istifadə qaydaları internetdə yazılıb. Bu bitkiləri üst-üstə yığanda psixoaktiv maddə kimi beyinə təsir edir, davranış pozulur. İndi xəstələrin çoxu deyir ki, “şüşə” çəkirəm. Bu çox dəhşətli sintetik bir maddədir. Eləcə də, bir neçə həb nrkotik kimi istifadə olunur”.

Narkomaniyanın müalicəsi mümkündür

L.Cəfərova deyir ki, valideynlər uşaqların narkoman olduğunu qəbul etmək istəmirlər, qəbul edəndə isə özlərini itirirlər: “Amma valideynlər güclü olmalı, həkimlə birgə övladlarının müalicəsinə kömək etməlidirlər”.

Qeyd edək ki, narkomaniya insanın narkotik maddələrə aludə olduqdan sonra uyuşduruculara olan sonsuz tələbatıdır. Bu təlabat isə insanı sonsuzluğa sürükləyir. Yazını nikbin bitirmək istəsək də, fakt faktlığında qalır. Artıq uçurumun kənarındayıq…

Xəbər 9329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR