Bu gün Vaşinqtonda Bayramovla Mirzoyanın görüşü gözlənilir. 12 iyun görüşünün təxirə salınmasından sonra nazirlərin okeanın o tayında müzakirə edəcəyi gündəlikdə əhəmiyyətli dəyişiklik görünmür.
- İrəvan qondarma "Bakı-Xankəndi” formatını, "erməni əhalisinin hüquq və təhlükəsizliyin qorunması üçün beynəlxalq mexanizm”i irəli sürəcək;
- Bakı bunu qəbul etmir, Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu, erməni əhalisinin reinteqrasiyasına İrəvan və separatçıların mane olduğunu bəyan edəcək.
Bu görüşdən ciddi nəticə gözləmək çətindir və daha çox Vaşinqtonun vasitəçilik siyasətinin davam etdirilməsi xarakteri daşıyır.
Görüşdən öncə diqqətçəkən iki əsas hadisə baş verdi:
Birincisi, rəsmi Bakı BQXK-ya erməni sakinlərin tədarük ehtiyaclarını Ağdam-Xankəndi yolundan istifadə etməklə təmin edə biləcəyi təklifini verdi;
İkincisi, Ermənistan təxribatından sonra bağlanan Laçın postunu tibbi ehtiyaclar üçün açıldı.
İrəvan Laçın postunun bağlanmasından Qarabağ planı üçün istifadə edir və məlumdur ki, Vaşinqton müzakirəsini də postun bağlanması, "humanitar fəlakət” iddiaları üzərində aparmağı planlaşdırırdı. Görüşdən öncə postun açılması bu "imkanı” İrəvanın əlindən almağa, "humanitar fəlakət” iddialarının yalan olduğunu ispatlamağa hesablanıb. Və mümkündür ki, Bakı bununla Vaşinqtonda erməni əhalisinin reinteqrasiyasına İrəvan və separatçıların mane olduğunu əyani şəkildə göstərməklə yanaşı, BQXK-ya edilən təklifi – Qarabağdakı əhalinin təminatının Azərbaycan tərəfindən edilməsini gündəmə gətirəcək.
Xəbər 221 dəfə oxunub.