Bakıdakı uşaq evlərində ciddi pozuntular aşkarlanıb

Bakıdakı uşaq evlərində ciddi pozuntular aşkarlanıb

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsinin yerli xərclərindən 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Bu barədə Palatadan  bildirilib. 

İdarə tərəfindən büdcə vəsaitlərinə tələbatın hazırlanması prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər tələb edilməyib, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin icrası nəzərə alınmayıb. 

Bəzi xərclər üzrə tələbatdan artıq təkliflər təqdim edilib, bir sıra xərc istiqamətləri üzrə təklif olunan məbləğlər kifayət qədər əsaslandırılmayıb.

Eyni zamanda Bakı şəhərinin müvafiq rayonları üzrə, həm də rayon daxili məktəbəqədər uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərci əhəmiyyətli şəkildə fərqli olub. 

Müəssisələrin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınıb. İdarə tərəfindən satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə müvafiq qərarın tələblərinə bir sıra hallarda əməl edilməməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi nöqsanlara yol verilib. 

Müvafiq normativ-hüquqi aktların bəzi tələblərinə əməl edilməyərək bir sıra hallarda ümumi orta təhsilli və ya kurs qurtarmış şəxslər ali və orta ixtisas təhsili tələb olunan vəzifələrə təyin edilib.

Auditlə əhatə olunan dövrdə sayğacların quraşdırılması, çəkilişi və təmiri ilə əlaqədar vəsait nəzərdə tutulduğu halda, 10 məktəbəqədər uşaq müəssisəsində su sayğacları quraşdırılmayıb, nəticədə su xərclərinin ödənilməsi zamanı büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradılıb.

Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla, müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR