Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az APA TV-yə istinadən xəbər verir ki, Babək prospektində qeydə alınan qəzada 5 avtomobil toqquşub.
Hadisə "QritVall"-ın sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən qeydə alınıb. Qəza zamanı əzilən avtomobillərdən birinin sürücüsü hadisəni belə xatırlayır: "Pikap dönürdü, dönmə əməliyyatı aparırdı. "Opel" dayandı gözlədi. Çünki "Opel"in qabağına keçdi. "Opel" dayananda üç maşın arxada dayandı. Sonra bir saniyə keçmədi, arxadan "Mercedes" gəlirdi. "Mercedes" dəydi mənə. Mənə dəyəndən sonra zərbədən o iki maşın da dəydi bir-birinə".
Hadisə şahidləri qəzanın avtomobillərin ara məsafəsini düzgün seçməməsi, "QritVall"-ın sürücüsünün əks istiqamətə dönmə əməliyyatını yanlış yerinə yetirməsi ucbatından baş verdiyini deyiblər.
Qəzadan sonra yolda tıxac yaranıb. Hadisə iştirakçısı olan nəqliyyat vasitələrinin yoldan kənara çəkilməməsi ərazidən keçən digər avtomobillərin hərəkətini çətinləşdirib. Avtomobillərə ciddi ziyan dəysə də, xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Aktual.az