Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
"Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Onlardan 2-i – Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.