Bakı Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Elnur Məmmədovun (1988-ci il təv.) CM-nin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə hazırlıq iclası keçirilib.
Aktual.az xəbər verir ki, ötən il mayın 9-da Ramana qəsəbəsində yaşayan Elnur Ramazanlı ailə üzvləri ilə birgə böyük oğlu Hüseyni evin həyətində və küçədə axtarsalar da, onu tapa bilməyiblər. Buna görə o, DİN-in 102 xidmətinə zəng vurub, daha sonra isə 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. Qeyd edək ki, Hüseyn Ramazanlı həmin şəhərciydə yerləşən, Xankəndi şəhər 4 saylı orta məktəbin 3-cü sinifində oxuyub. Təxminən saat 21.30-da zərərçəkənə məxsus nömrəyə zəng edən və özünü təqdim etməyən şəxs Hüseyni oğurladığını bildirib və əvəzində 30.000 manat pul tələb edib. Elnur Ramazanlı hadisə ilə bağlı nə edəcəyini bilməyib, bir qədər gözləyib və səhər Sabunçu RPİ-nə gedib. İdarədə olarkən ailəüzvləri zəng edib, ona oğlunun tapıldığını deyiblər. Buna baxmayaraq naməlum şəxs oğlunun azad olunması müqabilində ondan yenidən pul tələb etdikdə o, cinayətkarın övladının tapılmasından xəbəri olmadığını başa düşüb və bu barədə polis əməkdaşlarına məlumat verib. Qurulmuş plana əsasən, Elnur Ramazanlı Şuşa şəhərciyindən Ramana südçülük sovxozuna gedən yolda Elnur Məmmədovla görüş təyin etdiyi yerə gəlib və bu vaxt sonuncu polis əməkdaşları yaxınlaşaraq, onu saxlayıblar.
İstintaqla müəyyən edilib ki, Elnur Məmmədov mayın 9-da 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Hüseyn Ramazanlını Şuşa şəhərçiyi, Yeni yaşayış massivində yerləşən ünvansız fərdi evin qarşısından, uşaqlar üçün futbol komandasına qəbul etdirəcəyini yalandan vəd verib, tamah məqsədi ilə oğurlayıb. Yapışqanlı lentlə azyaşlının əl-qolunu, ayaqlarını və ağzını bağlayıb, ona dərəcələri təyin edilməyən xəsarətlər yetirib. Mayın 10-da uşağın azad edilməsi üçün onun valideyni Elnur Ramazanlıdan külli miqdarda pulu almaq məqsədi ilə görüşə gələrkən, Bakı ş. BPİ Cinayət-Axtariş idarəsi və 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı Elnur Məmmədov tutulub.
Keçirilən tanınma zamanı Hüseyn Ramazanlı təqdim edilən şəxslərin arasında Elnur Məmmədovu taniyaraq, məhz onun tərəfindən oğurlandığını təsdiq edib. Razılaşmaya görə, zərərçəkən tutulan şəxsə 10.000 manat pulu həmin gün, 20.000 manat pulu isə 2 gün sonra verməli idi.
İş üzrə dindirilən Elnur Məmmədov ifadəsində göstərib ki, zərərçəkənə özünü İŞİD terror təşkilatının üzvü olduğunu və Hüseyni oğurladığını bildirib. Polisə məlumat verəcəyi təqdirdə övladını öldürəcəyini deyib. Sonra telefonu söndürüb, azyaşlını oğurlayıb gizlətdiyi yerə qayıdıb. Təkrar Hüseynin atası ilə telefon əlaqəsi yaratıb, ondan pulu hazırlayıb-hazırlamadığını soruşub. Sonuncu yalvarıb, övladını öldürməməyi xahiş edib və pulu düzəldəcəyini söz verib. Gecə uşaqla birlikdə evdə qalıb.Hüseyn üşüdüyünü bildirdiyindən o, əynində olan gödəkçəsini ona verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən məhkum apellyasiya şikayəti verib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış fevralın 6-na təyin edilib.
Aktual.az
Xəbər 807 dəfə oxunub.