Kriminal aləmə yaxınlığı ilə bilinin şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı saxlanıların bəziləri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar hazırda Kürdəxanıdakı Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında saxlanılırlar.
Aktual.az-ın musavat.com-a istinadən məlumatına görə, ötən ayın sonundan başlayaraq paytaxt Bakının bir neçə rayonunda keçirilən əməliyyatlar zamanı kriminal aləmə yaxınlığı ilə bilinən 50-dən çox şəxs saxlanılıb.
Əməliyyatlara Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov rəhbərlik edib. Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının aprelin 25-də Sabunçuda keçirdikləri əməliyyat zamanı qəsəbə sakinləri Namiq İbayev, Kamil Quliyev, Orxan İbrahimov və Namiq Həşimov adlı şəxslər saxlanılıb.
Ümumilikdə Sabunçu qəsəbəsindən 35 nəfər saxlanılıb. Namiq İbayev, Kamil Quliyev, Orxan İbrahimov və Namiq Həşimov daxil olmaqla 15 nəfər barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 həbsqətimkan tədbiri seçilib və Kürdəxanıya göndəriliblər. Rəsmi məlumatda N.İbayevin “Mercedes” markalı avtomobilindən heroin və nömrəsi silinmiş “AKM” markalı silah və 22 ədəd patron aşkarlandığı bildirilir.
N.İbayevin Rəsul və Rüfət adlı qardaşları da saxlanılanlar arasındadır. Saxlanılan dəstə üzvlərinin Bakıda müxtəlif şəxslərə qarşı xuliqanlıq etdiyi bildirilir. Qeyd edək ki, əməliyyat zamanı həbs edilənlərin hamısının “qanuni oğru”lar Rövşən Lənkəranski və “Lotu Quli”nin yaxın adamları olduğu istisna edilmir. Ötən ay Bakıda “Bulaq” restoranında baş verən silahlı qarşıdurmanın da tərəflər arasında hesablaşma olduğu bildirilir.
// Aktual.az