Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Şöbəsinə (PŞ) daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Aktual.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 28-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal RPİ 28-ci PŞ-yə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd "Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib. Silah-sursat həmin şəxsdən götürülüb.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.
Xəbər 268 dəfə oxunub.