Bakıda bədbəxt hadisə baş verib. 20 yaşlı qız binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.
Aktual.az anspress-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində, Qara Qarayev metrostansiyasının yaxınlığındakı yaşayış binalarından birində qeydə alınıb.
Şəhər sakini, 1996-cı il təvəllüdlü Ülkər Aqil qızı Məmmədli yaşadığı evin eyvanından paltar asarkən qəfildən binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ülkər Məmmədli dərhal 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan qızın vəziyyətinin ağır olduğunu bildirdilər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Məlumata görə, binadan yıxılan qız Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsidir.
Ötən ilin noyabr ayının 26-da da Nizami rayonunu ərazisində 23 yaşlı qız binanın damından yerə düşüb. Hadisə Qara Qarayev prospekti 71 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından yerə yıxılıb. O, aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib. Aparılan araşdırmalar nəticəsində 22 yaşlı Türkan Həsənzadənin özünü intihar məqsədi ilə yaşadığı binanın damından yerə atdığı məlum olub.
Özünü öldürən qız da Tibb Universitetinin tələbəsi idi.