Bakıda avtomobil yollarında piyada zolaqlarının silinməsi sürücülərin narazılığına səbəb olub. Hətta paytaxtın mərkəzi hissəsi hesab edilən bəzi avtomobil yollarında yol örtüyündəki piyada zolaqları silinib, bəziləri isə ümumiyyətlə görünmür. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur.
Görəsən, yollardakı bu cür piyada zolaqları niyə vaxtında rənglənmir və bu prosesə hansı qurum nəzarət edir?
Ekspert Ərşad Hüseynov bildirib ki, yollarda piyada zolaqları hər il təzələnməli və həmin zolaqlar xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rənglənməlidir: “Bu zolaqların müddəti bir ildir. Yəni, hər il bu zolaqlar yenilənməlidir. Amma, buna baxmayaraq, piyada zolağı silinərsə, yenidən rənglənməlidir”.
Ə.Hüseynov bildirir ki, yol nişanlarının rənglənməsinə nəzarəti qanunvericiliyə əsasən Respublika Baş Dövlət Yol Polisi İdarəsi həyata keçirməlidir. Amma, faktiki olaraq bu işi həm də “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir: “Hər iki qurum bu işə nəzarət etməli, yollarda piyada zolaqlarının rənglənməsini həyata keçirməlidir”.
Ekspertin sözlərinə görə, sürücülər piyada zolaqları ilə yanaşı, yol kənarında piyada zolağını göstərən nişanlara fikir verməli və həmin nişanlar üzrə hərəkət etməlidir. Amma, piyada keçidləri üçün nəzərdə tutulan yerlərdə yol nişanı ilə yanaşı, piyada zolaqlarının olması vacibdir. Əgər yol örtüyü təkmilləşdirilirsə, piyada zolağı ilin bütün fəsillərində tam standartlara uyğun olmalıdır. Hətta, qışda qar yağarkən piyada zolağı qarla örtülürsə, o müəyyən edilmiş müddətdə təmizlənməli, piyada zolağı görünməlidir”.
Ə.Hüseynov bildirib ki, yollarda texniki vasitələrin olmaması və ya qaydasında olmaması yollarda qəzalar və digər xoşagəlməz hallarla nəticələnir.
Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirib ki, yollarda sürücü üçün əsas piyada zolaqları deyil, yol nişanlarıdır. Sürücü yol nişanlarına baxıb avtomobili həmin nişanlara görə idarə etməlidir: “Sürücü üçün əsas nişandır. Çünki sürücü nişanı xətdən əvvəl görür. Sürücü əvvəlcə qarşıda nizamlanmayan piyada keçidinin olması nişanını görməlidir. Həmin ərazidə piyada keçidi pozulsa da, sürücü avtomobili saxlayıb piyadaya yol verməlidir”. //Trend.az