Boris Nemtsovu əslində kim(lər) öldürdü? Elşən Musayev müdhiş qətli şərh edir...

Boris Nemtsovu əslində kim(lər) öldürdü?  Elşən Musayev müdhiş qətli şərh edir...

Boris Nemtsovun 40-ı çıxdı. El dilində desək, bu gün-sabah 52-si də çıxacaq. Amma istintaqın gedişi, onun gəldiyi nəticələr ortalığa həqiqi qatilləri, sifarişçiləri, icraçıları “bir türlü” çıxara bilmir ki, bilmir. Çox güman bunu heç bir zaman da bacarmayacaq.

Zatən siyasi qətllərin məxsusi (özəl) tərəfi də budur: Prosesin bir yerlərdə səngiməsi. Daha doğrusu, bəlli etapda (kimlərsə tərəfindən) səngidilməsi! Və ya dünyanın 4 bir yanında bu tip cinayətlərin açılmama ehtimalı açılma ehtimalına əhəmiyyətli dərəcədə uduzur. Sədə səbəbdən: siyasi qətllərin sifarişi  adi insanlar tərəfindən verilmir və motiv aydın olsa da icra mexanizmi labirint xarakter daşıyır. Yəni işin yekununa varılacaq olsa -  ittihamı istənilən xəttə (şəxsə) qədər yönləndirmək (haçalamaq) mümkündür. Belədə isə siyasi hakimiyyətin özü zədə alır. Reputasiya baxımından. Həm də çox ciddi zədə!

Elə bu səbəbdən də “hər şey edib ölməmək – qətldən mümkün qədər yayınmaq” – prinsipi siyasətin qızıl qaydalarından biri olaraq öz aktuallığını hər zaman saxlayır. Çünki siyasi qətl – qanın batdığı, bütün macəraların bitdiyi, ədalətin özünlə bərabər torpağa gömüldüyü məqamdır. İstisnasız-filansız!

Nemtsovun qətli kimə lazım idi?!       

İlk öncə bütün gözlər və diqqətlər heç şübhəsiz Putinə yönəlməli idi. Və yönəldi. Çünki Nemtsov bir başqasının deyil, onun müxalifi idi.  O, ölkə prezidentini ən sərt formada tənqid edir, bütün riskləri gözə alır, müxalifət düşərgəsinin yekdil lideri olmağa çalışırdı. Fəqət rabitəsiz formada. Üstəlik, hiper aqressya və dözümsüzlük nümayiş etdirərək.

Yəqin elə bu rabitəsizliyin, dözümsüzlüyün nəticəsi idi ki, müxalif lider son TV çəkilişlərin birində inanılmaz (bağışlanmaz) səhv buraxdı. (Qətiyyən şübhə etmirəm ki, baş nazirin eks müavinini bitirən həmin fundamental səhv olub) O, canlı yayımda peşəkar siyasətçiyə xas olmayan tərzdə (üslubda) həyatını dəyişdirəcək bir cümlə işlətdi: “Qorxuram ki, Putin məni öldürtdürə”

İstintaq ilkin mərhələdə hansı isti izlərə doğru yön aldı – orasını deyə bilmərəm. Amma bir əməliyyatçının motiv və subyekt kontekstində araşdırması gərəkən ilk iş düşünürəm ki, həmin məlum açıqlama və Nemtsovun yanındakı ukraynalı model Anna Duritskayanın təftişi olmalı idi.

İlk öncə açıqlamadan başlayaq:

1) Nemtsovun eyniadlı fikrindən kim bəhrələnə və bunu anındaca reallaşdıra bilərdi?

2) Müxalifət liderinin ölümü bu məqamda ən çox kimlərə sərf edirdi?

Hər halda Putin bütün variantlar üzrə məğlubdur. Təbii, qətldə əli olduğu üçün deyil, (hər halda ən sadəlövh insan da tapşırığın Putindən gəldiyinə inanmaz) ən böyük rəqiblərindən birinin təhlükəsizliyini təmin edə bilmədiyi üçün! Ayrıca, bayaq haqqında danışdığım açıqlamadan sonra Putinin siyasi analitikləri çox real görünən ehtimalı nəzərdən qaçırmamalı, Rusiya Prezidentinin onsuzda bərbad olan imicinə növbəti zərbənin vurulmasına zəmin yaratmamalı, bu cür ekstrimlər üçün tədbirli olmalı idilər.

İkinci məsələ qadın faktorudur. Daha doğrusu siyasi qətllərin klassik metodu: Cəmiyyət içində müsbət xarakterizə olunan şəxs (lider) ailədən kənar, qeyri - rəsmi izdivacda olduğu (üstəgəl aralarında isti münasibətlərə kimsənin şübhə etmədiyi) bir xanımın ya evində ya bağında ya da eləcə yanında, yəni bir addımlığında qətlə yetirilir. Qadına isə toxunulmur. İlk baxışdan kuryoz görünən məqam da budur: Kritik qətllərin heç birində şahid saxlamayan killerlər niyə məhz bu tip cinayətlərdə şahidlə centlimensayağı  davranırlar?

Səbəb:

Qadının əsas təyinatı cinayət törədiləndən sonra başlayır. Fikirlər və diqqətlər ona yönəlir, onun hər incə kəlməsi, pozu (model seçimi təsadüfi deyil)  anındaca müzakirə predmetinə çevrilir, öldürülən şəxsin (Nemtsovun)“müxalifətçi” imicindən daha çox “baz” imici (məqsədli şəkildə) formalaşır, qətlə yetirilən şəxsin öz ailəsi, xanımı qısqanclıq (ya da vəziyyətə adekvat nifrət) zəminində həmin vaxt verə biləcəyi ən ciddi, ən kritik, ən kəskin açıqlamalardan imtina edir. (Hərçənd bu cür cinayətlərin açılmasında ən böyük “silah“ ailədir. Onların bildiyi və verə biləcəyi informasiya kimsədə olmur) Və....beləcə planın birinci hissəsi peşəkarca nəticəvi sonluğa varır. Yəni ailənin başı özünə qarışır. Oysa, qadın da sifariş əsnasında öldürülsə, fikir yayındırmaq mümkün olmaz. Çünki məzara gömülən insan bütün mübhəmləri, neqativləri, şübhələri (hətta üzərindəki qısqanclıqları belə) özü ilə bərabər həmin məzara aparır. O “fiqur” kimi sıradan çıxır...

Xüsusi qeyd: Anna Duristskaya artıq Ukraynadadır, Rusiyadan çıxıb və istintaqın işinə köməkdən imtina edib. İstintaq isə düz 25 gündən sonra ( ?!) müəyyən edir ki, xanım modelin ikinci mobil telefonu qətldən dərhal sonra zibil qutusuna atılıb. Və üstəlik, demə həmin telefona həm də xüsusi dinləmə qurğusu (çip) yerləşdirilibmiş. Porodoks da bax bundadır: Kölgəli kamera görüntüləri, təxəyyüldəki cinayətkarın abstrakt foto - robotu, ardınca Dağıstanlı qatil versiyası ( oxu: illuziyası)  əyanı prosessual vəsait olaraq müəmmalı şəkildə qabardılır, fəqət  həqiqi müqəssirin təyin olunmasında əsas faktoloji “alət” olan  cinayət məkanının infro – strukturu əməliyyatçılar tərəfindən bu qədər etinasız şəkildə gözardı edilir.

Digər həlledici faktor: Standart siyasi qətllərdə tətikçinin ilk işi öz qurbanının marşrutunu müəyyən etmək olur. Nemtsov isə oteldən çıxdıqdan sonra fikrini qəfil dəyişib, taksi ilə deyil, piyada yürümək  qərarına gəlib. Və nə qəribədir ki, haqqında danışdığım nüans belə istintaqın diqqətini yenə də düzgün istiqamətə yönəldə bilməyib. Oysa, məlum vəziyyətdə sinxron izlənmə faktının mövcudluğu  dəqiqdir.

Model dururkən bu işdə bir başqasının köməyindən bəhrələnmək isə hər halda avamlıq olardı…       Musavat.com

Xəbər 2810 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR