Piyadalar sürücünün hərəkətinə əsəbləşərək onu vurmağa başlayıblar
Bakıda qeyri-adi yol qəzası baş verib. Piyadaların bir qədər ayıqlığı qəzanın ağırlığının qarşısını alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb. Görüntülərdən də məlum olur ki, motosiklet sürücüsü svetoforun qadağanedici qırmızı işığı yanan anda yolayrıcını keçmək istəyir və sürəti artıraraq hərəkəti davam etdirir. Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür.
Xoşbəxtlikdən piyadalar bir qədər ayıqlıq göstərərək qəzadan qismən yayına bilirlər. Piyadalar isə hirsini sürücüdən çıxaraq onu əlləri ilə vurmağa başlayırlar. Hətta, onlardan biri əlindəki yükü sürücünün başına çırpır.
Videoya diqqət etdikdə daha bir maraqlı məqam ortaya çıxır. Qarşı yolla hərəkət edən digər motosikletçi svetoforda iki piyadanın motosiklet sürücüsünü vurduğunu gördükdə dərhal istiqaməti dəyişərək köməyə gəlir. O, dəbilqəsini çıxararaq mübahisə edənlərə yaxınlaşır. Bu, baykerlərin bir-birinə dəstəyinin göstəricisidir…
// Aktual.az