Bakıda silsilə ev oğurluqları törədən şəxs tutulub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 18-də saat 14 radələrində A.Nemətulla küçəsində Aynur İmamverdiyevanın mənzilinə su idarəsinin işçisi kimi daxil olmaqla dolabdan 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1981-ci il təvəllüdlü Vüsal Akif oğlu Qənbərov tutulub.
Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, iyunun 29-da saat 13 radələrində özünü usta kimi təqdim etməklə Azadlıq prospektində 1934-cü il təvəllüdlü Şərqiyə Tağıyevanın mənzilindən 190 manat pulunu və iki ədəd qızıl bilərzik, avqustun 19-da saat 13 radələrində Nizami rayonunda Q.Qarayev prospektində 1969-cu il təvəllüdlü Vaqif Zeynalovaya özünü istilik idarəsinin işçisi kimi təqdim etməklə mənzildən 10 000 manat və qızıl boyunbağı, oktyabrın 5-də saat 11:45 radələrində, Nəsimi rayonu M.Qardaşları küçəsində 1982-ci il təvəllüdlü Aysel Cennerə özünü qonşu kimi təqdim edib qızdırıcıya baxmaq adı ilə mənzildən 2 ədəd qızıl bilərzik, oktyabrın 26-da saat 13 radələrində H.Cavid prospektində 1942-ci il təvəllüdlü Tamella Hacıyevaya özünü qaz idarəsinin işçisi kimi təqdim etməklə qızıl-zinət əşyalarını talayıb.