Bakıda cavan oğlan qadınları qorxuya salıb.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Pərvin adlı xanım whatsApp sosial şəbəkəsində başına gələn təhlükəli anı paylaşıb. O bildirib ki, qırmızı gödəkçəli oğlan mənzillərin qapısını döyərək onlara yaxınları tərəfindən gül buketi göndərildiyini deyərək qapını açmağı tələb edib. Lakin o, qapını açmayıb və binanın mühafizəçisini çağırıb. Həmin şəxs dərhal aşağı düşərək qaçıb. Həmin oğlan qaçarkən əlində gül yox, içərisində görünüşcə ağır olduğu təsiri bağışlayan torba olub.
Xanım iddia edir ki, həmin torbadakı onu öldürmək üçün əşya olub.
Pərvin xanım insanları ehtiyatlı olmağa, tanımadıqları adama qapı açmamağa çağırıb.
Evlərə gül gətirən gənc oğlan barədə başqa bir xanım isə ''facebook'' profilində yazıb ki, qapısını əlində gül olan oğlan döyüb. Qapını açarkən qonşusu da öz iti ilə səsə çıxıb. Özünü itirən həmin şəxs qaçıb. Qeyd edilir ki, həmin oğlan bir neçə gün əvvəl Bakıda dayə olan bir mənzilə soxulub və dayəyə xəsarət yetirərək evdən oğurluq edib.
Bu gün əlində gül dəstəsi olan həmin şəxsin başqa bir qapının zəngini basdığını, açılmadıqda isə liftə girərək geri döndüyünü əks etdirən videogörüntü yayılıb.