Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin avtomobili yoxa çıxıb.
Bu barədə azvision.az-a partiya sədri özü məlumat verib.
O bildirib ki, paytaxtda qadağan olunmamış yerdə maşını saxlasa da, sonradan tapa bilməyib: "Maşını saxlayıb şəxsi iş üçün bir yerə getdim. Qayıdanda tapa bilmədim. Sonradan bəlli oldu ki, hansısa rəsmi qonaq oradan keçəcəkmiş, aparıb 5 kilometr kənara qoyublar. Ancaq icazə verilən yerdə saxladığıma görə cərimə meydançasına aparmayıblar".
Maşının aparılmasına əvvəlcə əsəbləşdiyini deyən A.Əlizadə sonradan polisin atdığı addıma görə sevinib: "Əvvəlcə hadisəyə görə çox əsəbi oldum. Sonra piyada maşınımın yanına getdim. Yəqin polislər bilib ki, səhər gəzintisinə çıxmamışam. Ona görə mənə gəzinti təşkil ediblər. Mən belə başa düşdüm".
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu bu gün Azərbaycan səfər edib. Partiya sədrinin maşını da rəsmi qonağın keçəcəyi yolun üzərində saxlanıldığından müvəqqəti yeri dəyişdirilib.
Xatırladaq ki, ASDP sədri Araz Əlizadənin 2008-ci ildən "Nissan X Treyl" markalı avtomobili var.
Xəbər 3237 dəfə oxunub.