Bu ilin noyabrında havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (1.4-7.4 dərəcə), 2 gün isə normadan aşağı (0.2-0.9 dərəcə) olub.
Aktual.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayı sabit, mülayim hava şəraiti ilə fərqlənib. Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub ki, bu da iqlim normasından 4,1 dərəcə yuxarıdır.
Onun sözlərinə görə, noyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə, bölgələrdə isə noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında noyabrın 22-də 8.8 dərəcə isti, bölgələrdə isə noyabrın 30-da 7 dərəcə şaxta (Sədərək) qeydə alınıb:
"Ay ərzində hava şəraiti mülayim, əsasən yağmursuz keçib, lakin ayın 1-ci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə isə qar yağıb (Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi, Şahbuzun dağlıq əraziləri). Yağıntılar bütün ölkə ərazisində normadan az olub. Bölgələr üzrə 11 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 17 faizi olmaqla Lənkəran-Astara zonasına (Astara 27 mm), aylıq normanın 35 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 10.3 mm) düşüb".
Xəbər 42 dəfə oxunub.