MTN-in sabiq şefi Eldar Mahmudovun çetesi tərəfindən saxlanılaraq yarım milyonu əlindən alınmış iş adamı özünü asıb. Sabunçu rayonu, Maştağa qəsəbə sakini, iş dünyasında Əlihüseyn Maştağalı kimi tanınan iş adamı mayın 11-nə keçən gecə özünü asıb.
Musavat.com bildirir ki, buna səbəb iş adamının külli miqdarda borca düşməsi olub.
Məlumata görə, 1995-ci ildən iş dünyasında olan 46 yaşlı Əlihüseyn əvvəllər “kolbasa işi” ilə məşğul olub. Daha sonra siqaret və spirtli içki alverinə girişib. Əlihüseyn əsasən xarici ölkələrdən ölkəyə spirtli içkilər, siqaret gətirməklə məşğul olub və iş adamları arasında da xeyli hörmətə sahib olan şəxs imiş...
Ancaq MTN-in sabiq şefi Eldar Mahmudovun ölkədəki digər iş adamlarını incitməsi kimi "hobbisi" bu şəxsdən də yan keçməyib. Deyilənə görə, ilyarım bundan öncə E.Mahmudovun adamları Əlihüseynin nə az, nə çox düz yarım milyon manatını alıblar. Əldə edilən məlumat bundan ibarətdir.
İddialara görə, ondan bundan əlavə də bir neçə dəfə külli miqdarda pul alınıb. İş bununla bitməyib, E. Mahmudovun adamları onun biznes fəaliyyətinə mane olmağa başlayıblar.
Ə.Maştağalı ölkəyə təkcə özü üçün deyil, digər iş adamları üçün də lazım olan spirtli içki və siqaret gətirib. İş adamları ona külli miqdarda pul veriblər ki, onlara mal gətirsin, ancaq onun fəaliyyətinə maneçilik törədildiyindən iş adamlarına vaxtında mal gətirə bilməyib. Əlində olan pulu isə məcburiyyətdən başqa işlərə xərcləyib.
Bundan sonra Əlihüseyn müflisləşib və borca düşüb. Yarım milyon manatlıq soyğuna məruz qalmış iş adamı banklardan külli miqdarda kredit götürüb, sonradan isə borcu ödəyə bilməyib.
// Aktual.az