İqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası sentyabrın 18-də Bakıda öz işinə başlayıb.
Aktual.az xəbər verir ki, həmin Fondun təsis edilməsi barədə qərar COP27-də qəbul olunub.
COP28-də fəaliyyəti üçün qərar verilsə də, Fond bugünədək əməli fəaliyyətə başlamayıb. İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3 gün davam edəcək iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.
Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.
İclas zamanı Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur. İclasda COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.
Tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun əməli fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Fondun əməli fəaliyyətinin reallaşması istiqamətində tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili, həm də Azərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.
Xəbər 115 dəfə oxunub.