Bakıda İLESAM başqanının yaradıcılıq gecəsi keçirilib - FOTOLAR

Bakıda İLESAM başqanının yaradıcılıq gecəsi keçirilib - FOTOLAR

Bakıdakı R.Behbudov adına Dövlət Mahnı Teatrında, qardaş Türkiyənin tanınmış ədibi, İLESAM başqanı Mehmet Nuri Parmaksızın yaradıcılıq gecəsi keçirilib. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin (ABAİB) dəstəyilə keçirilən gecədə çıxış edən, Birlik rəhbəri, millət vəkili dos.dr. Qənirə Paşayeva, qardaş ölkə yazarının həyat və yaradıcılığı barədə geniş bilgi verib. Türkiyə Elm və Ədəbiyyat əsəri Sahibləri Məslək Birliyi İLESAM-a başçılıq etdiyi dövrdə, İLESAMla Azərbaycan ədəbi qurumları arasında sıx əlaqələr qurulduğunu, bu əlaqələrin son illər artıq öz məhsullarını verən ciddi əməkdaşlığa çevrildiyini qeyd etdi.

"Mehmet Nuri Parmaksız kimdir?” deyə sual edən Qənirə Paşayeva, qoyduğu suala özü cavab verib:

-İstanbulda doğulmuş, orta təhsilini İstanbulda tamamladıqdan sonra, Ankaradakı Qazi Universitetinin Fən-Ədəbiyyat fakultəsi Türk Dili və Ədəbiyyatı bölümündən məzun olan Mehmet Nuri, qardaş Türkiyənin çeşidli məktəblərində ədəbiyyat müəllimliyi etmiş, türk uşaq və gənclərinin nəynən nəfəs aldığı, hansı ruha yiyələndiyi barədə biləvasitə bilgi əldə etmiş, özü də, necə deyərlər, bu nəfəsalma, ruhlanma işində şəxsən ikştirakçı olmuş, vətəndaş, müəllim, aydın, şair kimliyi ilə gənc nəslin yetişməsinə öz töhfələrini vermişdir.

Şeir üzərinə yazdığı məqalələri və şeirlərini yayınladıqca türk oxucusu onu bir başqa tanımağa başlayıb: məlum olub ki, Parmaksız yalnız yazılanları öyrətmir, eyni güclə, bəlkə daha artıq dərəcədə öyrədiləsi əsərlər yazır... Və yanır yazır, yazır yanır..! – Çünki o Eşqi anladırdı! Mehmet Nuri Partmaksızın anlatımındakı Eşq, hər nə qədər özündən öncəki söz, fikir ustadlarının eşq bulağından su içsə də, özünəməxsusdu, oxunaqlıydı, sevilirdi... Əlbəttə, keçmiş zamanda deyil, qəhrəmanımız haqqında danışarkən, onun həm bugünündən danışırıq, həm də sabahına olan inamımızı ifadə edirik.

Ədəbiyyatçı kimi bir çox ödüllərə layiq görülən qardaşımızın ən böyük ödülü olaraq, oxucu sevgisini qeyd edərdim. Siz dəyərli yazar qardaşımızın yaradıcılığı ilə tanış olduqca, sanki "bir Mehmet var, Mehmetdən içəri” deyəcəksiz; deyəcəksiz, bu gördüyümüz Mehmet Nuri Parmaksızdan başqa, buz dağının arxasında bir Mehmet Nuri Parmaksız daha var.Bax, məhz o buz dağının arxasındakı Mehmet Nuri Parmaksız, dünyada, qürbətdə, sonsuz eşq üçün növbədə duran qərib bir yolçudur.

Hər insanın bəlli adından başqa bir gizli bir adı da var, deyərlər, Parmaksızı bir sözlə ifadə edəsi olsaydıq, məncə, o söz EŞQ olardı. EŞQ onun həyata, dünyaya baxışında mərkəzi mövqedə durur.

Mehmet Nuri Parmaksız təvəkkül və şükür adlı qoruyucu bir divara sahib dərvişdir.

Dəli bir aşiqdir Parmaksız. – Məni eşq ayaqda tutacaq deyən çılğın aşiq... Ruhun səninlə dünyaya deyil, məhşərə baxar deyən bir eşq ustasıdır o... O içindəki xoşbəxtlik duyğusnun yaradandan gəldiyini idrak etmiş bir usta qələmdir.”

Sözünə davam edən xanım millət vəkili, qardaş ölkə yazarının kitabları, kitablaşan əsərlərinin məziyyəti barədə də fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları diləyib. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva ünlü rəssam – dünyada neftlə rəsm əsərləri yaradan yeganə ustad sənətçi olan Sabir Çopuroğlunu səhnəyə dəvət edib və onun "Şahə qalxmış atlar” əsərini birlikdə Mehmet Nuri Parmaksıza hədiyyə ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANAR, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin dünəni, bugünü və sabahı barədə düşüncə və fikirlərini bölüşdükdən sonra, Mehmet Nuri Parmaksızın bu əlaqələrin günümüzdə daha da inkişaf etməsi baxımından rolundan söz açıb.

M.N.Parmaksızın ədəbi uğurları və ədəbi əlaqələrin qurulması sahəsində çalışmaları nəzərə alınaraq AYB üzvlüyünə qəbul edildiyini bildirən Xalq yazıçısı, Birliyin üzvlük vəsiqəsini ona təqdim edib.

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Gənc Şairlər Birliyinin başçısı, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli, İLESAM Yönətim Kurulu üzvü Durak Turan DÜZ və başqalarının çıxış etdiyi gecədə, əməkdar artistlər Nuriyyə Hüseynova, Azad Şükürov, Elza Seyidcahan, Məleykə Aloğlu, xanəndə Mütəllim Dəmirov, gənc aşıqlar Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı və başqaları öz yaddaqalan ifaları ilə gecəyə rəng qatmış, tamaşaçılara yaddaqalan anlar yaşadıblar.

Sonda, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edən Mehmet Nuri Parmaksız, gecədən məmnun qaldığını, bu tədbirin yalnız şəxsinə deyil, İLESAM ailəsinə, bütün türkiyəli yazarlara sayğının örnəyi kimi dəyərləndirmişdir.

Qardaş ölkə yazarı tədbirin sonunda özünün bir neçə şeirini oxuduqdan sonra, Türkiyə və Azərbaycanda çıxan kitablarını oxucular üçün imzalayıb
 











Xəbər 1016 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR