Dünyanın ən xoşbəxt vətəndaşları bu ölkədə yaşayır

Dünyanın ən xoşbəxt vətəndaşları bu ölkədə yaşayır

Xoşbəxt vətəndaş – öz ölkəsində əmin-amanlıq, bolluq, abadlıq içində yaşayandır. Bütün bunlara ölkənin xarici borclarının azlığını və ya heç olmamasını da əlavə etsək, uğurlu quruculuğu, dayanıqlı iqtisadi durumu, daxili və xarici siyasəti yüksək tənzimlənmiş bir dövlət anlaşılar.

Publika.az-ın xəbərinə görə, sadalanan müsbət keyfiyyətləri özündə birləşdirmiş ölkələrdən biri Danimarkadır. Avropanın şimalında yerləşən bu krallıq hazırda dünyanın ən az xarici borcu olan ölkələrdəndir. Danimarka 2014-cü ildən etibarən xarici valyuta ilə kredit götürməkdən imtina edib. Bu addım da iqtisadi çiçəklənmənin "ən pardaqlı çiçəyi”nə çevrilib. Hər halda Sustainable Development Solutions Network agentliyinin son nəticələrinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər (dünyanın 35 dövlətini əhatə edir) arasında ən xoşbəxt ölkələrindən ikincisi məhz Danimarkadır. Birincilik Norveçin payına düşüb. Üç il boyunca aparılan araşdırma əhalinin iqtisadi durumuna görə və dolayısı ilə vətəndaşların qohumluq, dostluq, qonşuluq münasibətlərinə görə tərtib olunub. Aydın məsələdir ki, evində, işində, ölkəsində hər şeyi qaydasınca olan vətəndaş qarşılıqlı münasibət və anlaşmalarda da tolerant, nikbin olar.

Halbuki 1980-ci illərdə Danimarka Yunanıstanın bugünkü vəziyyətini xatırladırdı: böyük həcmli xarici borclar, iqtisadi böhran, qıtlıq, əhalinin çətin güzəranı və bütün bunlarla əlaqədar narazılıqlar, qanunsuzluqlar baş alıb gedirdi. Danimarka hələ XIX əsrin ortalarından xaricdən fəal şəkildə borc almağa başlayıb. Odur ki, XX əsrdə artıq milli valyuta olan kronun devalvasiyası, büdcə kəsiri, kəskin bahalaşma kobud desək, ölkənin "belini qırmışdı”. Alınan kreditlər əsasən 1834-cü ildə Almaniya ilə müharibəyə, daha sonra yaranmış fəsadların aradan qaldırılması üçün tikinti işlərinə, dəmir yollarının salınmasına xərclənirdi.

Milli valyutanın dollar və avroya qarşı möhkəmləndirilməsi ilə başlanan işlər sayəsində ölkə yavaş-yavaş belini dikəltməyə başladı. Hazırda Danimarkanın milli valyuta ehtiyatı 467 milyard krondur (67,5 milyard dollar) – yəni 10 il bundan öncə ilə müqayisədə iki dəfə çox.

Ötən ay Danimarka Milli Bankı 4,7 milyard kron satıb. Eləcə də Fransadakı seçkilərlə bağlı siyasi risklər xarici investorları öz maliyyə təhlükəsizliklərini Danimarkanın bank aktivlərində axtarmağa vadar etdi. Nordea Bank AB-nin (Şimali Avropada operativ maliyyə xidmət şəbəkəsi) məlumatına görə, Fransadakı siyasi gərginlik və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə yaranmış dəyişikliyi kompensasiya etmək üçün Danimarka daha təsirli müdaxiləyə əl ata bilər.

Yeri gəlmişkən, milli valyuta ilə dövlət istiqrazlarının 40%-i xarici sərmayədarlara məxsusdur. Analitiklər əmindirlər ki, Danimarka indiki iqtisadi tərəqqini uzun müddət qoruya biləcək.


Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR