Baş nazir Artur Rəsizadənin oktyabrın 20-də imzaladığı qərara görə, Bakının Sabunçu rayonundakı şəhərin ümumi görünüşünə xələl gətirən, eləcə də qəzalı vəziyyətdə olan binalar söküləcək.
Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə imzalanan qərarda bildirilir ki, həmin binalardakı sakinlər yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdiriləcək.
Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, söküləcək evlərin siyahısı artıq hazırdır.
RİH nümayəndəsi bildirdi ki, siyahıda qəzalı vəziyyətdə olan binalar birinci yerdədir: "İlk növbədə, Yeni Ramana qəsəbəsi, Bünyadzadə, 23 ünvanındakı bina söküləcək".
Söküləcək bina ilə yerində tanış olmaq üçün adıçəkilən ünvana baş çəkdik.
Binanı xəbər aldığımız qəsəbə sakinlərindən biri ikimərtəbəli, uçulmaqda olan tikilini göstərib dedi ki, axtardığınız elə bu binadır. Çürümüş pilləkənlərlə yuxarı qalxıb balkonda dayanan sakinləri görənə qədər inana bilmirdik ki, burada yaşayış var, bu uçuq-sökük tikilidə insan yaşaya bilər. Bu tikili filmlərdən gördüyümüz, illər əvvəl tərk edilmiş köhnə evlərə daha çox oxşayırdı.
Sakinlərlə söhbətimiz zamanı öyrəndik ki, ailələrin əksəriyyəti 20 ildir burada yaşayır, amma bina əvvəllər bu qədər bərbad halda olmayıb.
"İcra hakimiyyətindən nümayəndələr gəlib bizi köçürüləcəyimiz barədə məlumatlandırıb. Bundan sonra da müqavilə imzaladıq. Müqaviləyə görə, bizim kirayə yaşayacağımız ev üçün onlar 200 manat məbləğində pul ödəyəcək" - deyə bina sakini Təranə Əliyeva virtualaz.org saytına açıqlamasında bildirdi.
Bura yaxın ərazidə kirayə ev tapdığını deyən T.Əliyeva bizə binanın vəziyyətindən danışa-danışa köç üçün evdən əşyalarını da çıxarırdı.
Yağışa görə islanıb taxta döşəməsi yumşalan balkonla irəliləyib aşağı düşürük. Binanın heç yeri yaşanılacaq vəziyyətdə deyil - nə pilləkənlər, nə döşəmə, nə də tavan...
Sakinlər deyirlər ki, hər dəfə yağış yağanda damları aşsüzənə dönür, bütün evə su dolur.
Binanın həyətində dayanan icra hakimiyyəti nümayəndəsi ilə söhbətləşirik.
Sabunçu RİH Ramana qəsəbə nümayəndəsi Şamil Alıyev deyir ki, bu binanın 114 yaşı var: "Bura 1901-ci ildə mədəndə işləyən işçilər üçün yataqxana kimi tikilib, sonradan isə əhali bura köçüb. Ümumilikdə 30 ev var. Mənzillərin hamısı standart olduğundan hər ailəyə kirayə üçün 200 manat ödəniləcək. Üçotaqlı evdə yaşayan cəmi iki ailə var ki, onlara 300 manat verəcəyik".
Həm sakinlərdən, həm də elə RİH nümayəndəsindən öyrəndik ki, burada 7 mərtəbəli yaşayış binası inşa ediləcək və sakinlər yenidən bura qayıdacaq.
"Çalışırıq ki, sakinlər maksimum tez, heç olmasa bu ayın axırına qədər köçsün, biz də işə başlayaq" - deyə Ş.Alıyev izahat verir.
RİH nümayəndəsinin bu ümidverici sözləri sakinləri bir qədər rahatlandırır. Amma onların üzündəki narahatlıq hissi də aydın oxunur: "Bizim də normal ev-eşiyimiz, görəsən, doğrudanmı olacaq?"