Bakıda bir ailənin 4 üzvü yağdan zəhərlənib.
Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib.
Belə ki, bir ailənin 4 üzvünün zəhərlənməsi barədə Təcili Tibbi Yardıma məlumat daxil olub.
Ünvana gedən Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitən yağ yemələrini bildiriblər.
Hazırda onların müalicələri davam etdirilir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.
Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Xəbər 482 dəfə oxunub.