Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı azalmağa başlayıb.
2015-ci ildə ölkədə avtomobil nəqliyyatı vasitələrinin sayı 2,4% artsa da, Bakıda 2014-cü ilə nisbətən 1,8% azalıb.
Aktual.az “Marja”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən ( DSK) bildiriblər.
1 yanvar 2016-cı il üçün Bakıda 728,7 min avtomobil qeydiyyata alınıb. Paytaxtda cəmi 586,1 min özəl minik avtomobili var. Bu, 2014-cü ilə nisbətən 14 min ədəd azdır.
Bakıda minik avtomobillərinin sayı dövlət və özəl strukturlarının avtoparkları nəzərə alınmaqla bu ilin əvvəli üçün 634,1 min ədəd olub.
Maraqlıdır ki, Bakıda təkcə minik avtomobilləri yox, yük avtomobilləri də azalır. Əgər 2014-cü ildə yük avtomobillərinin sayı 64 min olubsa, 2015-ci ildə bu göstərici 62,3 min ədəd azalıb.
Ekspertlərə görə, Bakıda avtomobillərin sayının azalmasını iqtisadi böhranla bağlı vətəndaşların regionlara axını ilə əlaqələndirmək olar.