Bakıda avtobus çatışmazlığını aradan qaldırmaq üçün islahatlara başlanılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Ş.Mehmanqızı bildirib ki, problemin aradan qaldırılması üçün yeni avtobuslar alınacaq. Qurum rəsmisi hesab edir ki, yaxın zamanlarda Bakıda avtobus çatışmazlığı aradan qaldırılacaq: "Bu məsələ ilə bağlı çox ciddi işlər aparılır. Yaxın müddətdə həm şəhər ətrafında, həm də şəhərin mərkəzində avtobus çatışmazlığı ilə bağlı sərnişinlərin narazılığına son qoyulacaq".
Hazırda paytaxtın bir sıra küçə və yollarında avtobus çatışmazlığı hiss olunur. Qurum rəsmisi ümumilikdə sərnişin sayına görə hər bir ərazinin avtobusla təmin olunduğunu bildirib: "Amma pik saatlarda avtobus çatışmazlığı yaranır. İş saatlarının sonunda və yaxud səhər saatlarında sərnişinlər çox olduğundan avtobus çatışmazlığı olur. Kimi avtobusa minə bilmir, kimi isə rahat gedə bilmir. Nəticədə sərnişin sıxlığı yaranır. Sərnişin sıxlığı yaranan ərazilərə hazırda baxış keçirilir. Ehtiyac olduqca müəyyən saatlarda, əsasən də günün pik saatlarında avtobusların sayı artırılır”.