“Bakıda Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır”

“Bakıda Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır”

Qüdrət Həsənquliyev: "Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”

"Tənqid ümumi işin xeyrinə olsa da onu heç kim xoşlamır, nə tənqid edən, nə də tənqid olunan. Çünki hamıda mənfi emosiyalar yaradır, xüsusilə də bayram ərəfəsində. Amma problemlərdən, çatışmazlıqlardan danışılmalı, nöqsanların aradan qaldırılması üçün təkliflər verilməlidir”.

Aktual.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, həm də tənqid olmasa müzakirələrin gedişi parlamentin hökumətə hesabatı təəssüratı yarada bilər:
 
"2023-cü ildə ölkə sərhədləri heç bir ciddi hüquqi əsas olmadan bağlı saxlanılıb. Ümumdaxili məhsulun həcmində 1,1 faiz artım olub. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə bu, dünya üzrə 3,1 faiz olub. Adambaşına düşən ümumdaxili məhsulun həcmi 0,5 faiz artaraq 12100 manat olub ki, bu göstərici Qərbi Avropa ölkələrindən 8-10 dəfə azdır. Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq. Təbii ki, əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina olunmasa, hökumətin iqtisadiyyata nəzarətinə son qoyulmasa...
2023-cü ildə qeyd etdiyim bu rəqəmlərə əsasən iqtisadiyyatımızın durğunluq dövrünə qədəm qoyduğunu deyə bilərik. Hesabat ilində sahibkarların incidilməsi davam edib, mülkiyyətin qorunması, qanunçuluğun gözlənilməsi istiqamətində ciddi uğurlar əldə edə bilməmişik”.
 
Millət vəkili əlavə edib ki, bütün bunlara baxmayaraq iki hadisəyə görə, 2023-cü il xalqımzın tarixində əlamətdar il kimi qalacaq: "23 apreldə dövlət sərhədlərini, 20 sentyabrda isə Qarabağ üzərində dövlət suverenliyini bərpa etdik. 20 sentyabr həm də bu günə qədər uğurlarımızın əsasını yaratmış "Əsrin Müqaviləsi”nin imzalandığı gündür. Allah Heydər Əliyevin ruhunu şad etsin. Ona görə təklif edirəm ki, ya 20 sentyabr uğur, yaxud qələbə günü kimi bayram günlərinə daxil edilsin, ya da Zəfər Günü tam və qəti qələbə gününə - 20 sentyabra dəyişdirilsin. İkinci təklifim ondan ibarətdir ki, noyabrda COP-29 Bakıda keçiriləcək. Bu tədbir həyatın xilası üçün keçirilir. İstərdim bilək ki, hökumət nə qədər pul xərcləyəcək. İndi velosiped yolları çəkilir ki, avtomobildən az istifadə olunsun, tüstü insanların ciyərlərini məhv edib, onları xərçəngə, digər ağır xəstəliklərə düçar etməsin. Özümüzü müasir ölkə kimi göstərmək istəyirik. Amma turistlər nə görəcək? Şəhərin mərkəzi küçələri, məktəblərin ətrafı siqaret reklamları və satışı ilə məşğul olan köşklərlə doludur. Bu, qoyulan pulu, çəkilən xərci, əziyyəti də batıracaq, haqqımızda təsəvürlər yaxşı olmayacaq. "Reklam haqqında qanunun” 26-cı maddəsi açıq məkanda reklam adlanır və birinci bəndində deyilir: "Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur”. Həmin qanunun "Tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı” adlanan 28-ci maddəsində isə deyilir: "Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır”. Amma qanuna əhəmiyyət verən yoxdur. Mən və digər deputat həmkarlarım, xüsusilə rəhmətlik həmkarımız Qənirə xanım parlamentdə bu barədə çox danışıb. Mən, deputat sorğuları vermişəm ki, niyə qanun tətbiq olunmur, amma xeyri olmayıb. Ona görə təklif edirəm ki, Milli Məclis və hökumət adından bilmirəm necə adlandırım, tütün karterinə, sindikatına, yaxud trestinə xahişlə müraciət edək - amma xahişlə də düzəlməyəcək - həm də büdcədən onlara yaxşı pul ödəyək ki, COP29 ərəfəsində 1 aylıq siqaretin reklamını, məktəblərin yanındakı köşklərdə gənclərimizin gələcəyini də nəzərə alaraq satışını, ölkəmizin imici naminə dayandırsınlar. Axı onlar da azərbaycanlılardır, bəlkə nəzərə alarlar. Sonda onu da söyləmək istəyirəm ki, bu günlərdə eşitdik ki, ölkədə 40 minə qədər taksinin ləğv olunması istənilir. Hesab edirəm ki, Bakı şəhərində ən azı ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır və bizim şəhərdə Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır. Amma bu avtobusların sayı olduqca azdır. Ona görə də belə bir qərarın qəbul ediməsinə yol vermək olmaz”.

Xəbər 659 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR