Bakıda növbəti “yaşıl soyqırımı”na hazırlıq gedir. Bu dəfə hədəfdə Xətai rayonunda, “Əhmədli” metrosunun yaxınlığındakı çoxillik ağaclardır.
Bu məlumatı virtualaz.org saytına Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 ünvanındakı 9 mərtəbəli binanın sakinləri verib.
“Bizim binanın qarşısındakı ərazi bir ildən çoxdur ki, dəmir hasara alınıb. Həmin ərazidə çoxillik sağlam ağaclar var. Doğrudur, həmin ağaclara hələ toxunmayıblar. Lakin belə bir dəqiq məlumat almışıq ki, hasarlanmış ərazidə ticarət obyektlərinin tikintisi planlaşdırılır. Tikinti işlərinə isə I Avropa Oyunlarından dərhal sonra başlanılacaq və ağacların hamısı kəsilərək yerində obyektlər tikiləcək” - deyə sakinlər bildirib.
Virtualaz.org saytının araşdırması zamanı sakinlərin dediyi faktlar öz təsdiqini tapıb. Məlum olub ki, orada doğrudan da ticarət obyektlərinin tikintisi nəzərdə tutulub. Tikinti işlərinin hələ başlamamasının səbəbi isə müvafiq sənədləşdirmə işlərinin hələ başa çatmamasıdır. Yəni tikintiyə rəsmən icazə verən sənədlər hələ hazır deyil. Lakin ərazi artıq hasarlanıb və ağaclar hər an kəsilə bilər. Məmurlarla sahibkarların danışıqları nə vaxt başa çatsa, ağaclar da o zaman kəsiləcək.
Bizə isə yalnız ona ümid etmək qalır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi M.Hadi, 21-dəki təhlükəyə - yaşıllıqların məhv edilməsi təhlükəsinə biganə qalmayacaq.
Aktual.az