Bakıda qətl törədilib.
Aktual.az bildirir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyidinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyidə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.
Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.
Hadisənin kim tərəfindən törədilməsi hələlik məlum deyil.
Məlumata görə, hadisə baş verən mənzil öldürülən qadının tanışlarına kirayəyə verilibmiş.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.