Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta "COVID-19” vaksin sertifikatı təqdim edən şəxslərə cinayət işi açılıb.
Bu barədə Aktual.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara "COVID-19” əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim-terapevti Bəsdi Behbudova və "Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində "COVID-19” əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə "E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Xəbər 594 dəfə oxunub.