Bakı-Sumqayıt avtomobil magistralında (Sumqayıtdan Bakıya gedən istiqamət) bərkitmə işləri aparıldıqdan sonra həmin ərazidə yenidən çökmə, qırılma hadisəsinin baş verəcəyi gözlənilmir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O bildirib ki, ərazidəki tökmə torpağa su kütləsi daxil olduğundan tökmə torpaqda müəyyən qədər çökmə baş vermişdi. Bu da yola müəyyən qədər təsir etmişdi.
Hazırda bərkitmə işlərinin aparıldığını deyən baş geoloq çökmə prosesinin baş verdiyi ərazidə sabitliyin əmələ gəldiyini də açıqlayıb.
Ə.Piriyev qeyd edib ki, Bakıdan Sumqayıta gedən yolda da (Sumqayıtdan Bakıya doğru gedən istiqamətdəki xətt üzrə) müəyyən qədər çökmələr baş verib, çatlar da müşahidə edilir: “Sement məhlulu vurduqca o, asfaltın altında müəyyən qədər torpaqla qarışır. Həmin məhlul bərkiyənə qədər müəyyən çökmə verir. Burada sırf geologi proses getmir. Sırf texniki işlərdir. Buna görə də biz orada müəyyən tədqiqat, monitorinq işləri aparmırıq”.
“Azəryolsevis” ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, Bakıdan Sumqayıta gedən yolda çökmə baş berməyib. Bu yolda asfalt örtüyü müəyyən qədər deformasiyaya uğrayıb: “Bu, Sumqayıtdan Bakıya gedən yolda çökmənin baş verməsindən də əvvəl yaranıb. Burada digər tərəfdəki kimi çatlar yaranmayıb, asfalt örtüyü bir qədər deformasiyaya uğrayıb. Bu da normal bir haldır. Çünki hər hansı bir yerdə asfalt örtüyü bir müddət keçdikdən sonra deformasiyaya uğrayır”.