Hər gün metroda istidən bir neçə nəfərin halının pisləsməsinin şahidi oluruq. İsti yay günlərində metrodan istifadə edən sərnişinlərin sayı daha çoxdur. Sərnişinlər metroda hava çatışmazlığı və havalandırma sisteminin zəif olmasından hələ də əziyyət çəkirlər. İsti hava və pik saatalrda isə qatarda dayanmaq ümumiyyətlə, mümkün olmur. Halı pisləşənlər yalnız növbəti stansiyaya çatandan sonra platformaya çıxarılır və hansısa ilkin yardım göstərilir. Bəzən halı pisləşən belə insanların vəziyyəti ciddiləşir. Metrostansiyalarda təcili tibbi yardım xidmətinin fəaliyyət göstərməməsi yaranmış vəziyyəti daha da mürəkkəbləşdirir. Yəni kənardan təcili tibbi yardım çağırılması müəyyən qədər vaxt tələb edir. Nəzərə almaq lazımdır ki, heç kim ani baş verən bədbəxt hadisədən sığortalanmayıb.
Bu baxımdan stansiyalarda operativliyi təmin etmək məqsədilə heç olmasa bir nəfər tibb personalının olması vacibdir.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev deyib ki, Bakı Metropoliteni sərnişindaşıma ilə məşğuldur, tibb xidməti isə xüsusi lisenziya tələb edən sahədir: “Lazım olanda biz təcili tibbi yardıma zəng edirik. Onlar da dərhal hadisə yerinə gəlib, ilkin tibbi yardımı göstərirlər. Ehtiyac yarandıqda şəxsi tibb müəssisəsinə də aparırlar”.
“Hər stansiyaya heç olmazsa bir tibb işçisinin ayrılması üçün Səhiyyə Nazirliyinə müraciət etməyi düşünürsünüzmü?” sualına Nəsimi Paşayev belə cavab verib:
“Xeyr, müraciət etməyi düşünmürük. Bir nəfər tibbi personal təcili tibbi yardım funksiyasını yerinə yetirə bilərmi? Təcili tibbi yardım stansiyası ilə bizim birbaşa əlaqəmiz var. Həmçinin Təcili Tibbi Yardım məntəqələri stansiyalarımıza yaxın ərazidə yerləşir. Müraciət edildiyi zaman qısa müddətdə müdaxilə edilir”.//Cebhe.info