Bakı Metropolitenində qatarların yay qrafiki üzrə hərəkətinə keçilib.
Aktual.az xəbər verir ki,"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Report-a bildirib ki, bununla bağlı qurum rəhbərliyi əmr imzalayıb.
Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval pik saatlarda 2,5 dəqiqədir. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.
Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə sərnişin sıxlığından asılı olaraq 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval 5-6 dəqiqə təşkil edir.
"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil" -"N.Nərimanov" yol mənzili istiqamətində bəzi hallarda daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.
Qeyd edək ki, qrafik dəyişikliyindən öncə 30 qatar hərəkət edirdisə, indi onların sayı 24 təşkil edir.