Bacısını öldürən şəxsin məhkəməsi başladı

Bacısını öldürən şəxsin məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində bacısını öldürüb, əmisi oğlunu yaralamaqda təqsirləndirilən Seyidmirəli Cavadovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cavadov 18 il müddətinə azadlıqdan məhrum edilib.    
 
Cinayət hadisəsi bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində baş verib. 1991-ci il təvəllüdlü S.Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadovaya və onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu bıçaqla xəsarətlər yetirib.
 
İ.Cavadova aldığı xəsarətlərdən hadisə yerində ölüb, M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onu xilas ediblər.
 
Hadisəni törətməkdə şübhəli bilinən S.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Belə ki, M. Cavadovla nikahdan iki övladı olan İ. Cavadova ərindən boşanmaq istəyib. Hadisədən bir neçə gün əvvəl İ. Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb. Daha sonra İ. Cavadovanın kiçik qardaşı olan S. Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarətlər yetirib.
 
S. Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə ittiham olunur.
 
Aktual.az
Xəbər 804 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR