Aktual.az "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevin APA-ya müsahibəsini təqdim edir.
- "Azəristiliktəchizat" iddia edir ki, bu qurum payız-qış mövsümünə tamamilə hazır idi, lakin "Azəriqaz" borc səbəbindən qazanxanalara qaz təchizatını dayandırıb. Təbii, qurum həcmini açıqlamasa da, etiraf edir ki, "Azəriqaz"a borcu var. "Azəristiliktəchizat"ın başqa bir iddiası ondan ibarətdir ki, "Azəriqaz" qaz təchizatını xəbərdarlıq etmədən dayandırıb...
- Öncədən qeyd edim ki, "Azəriqaz" İB qazın paylanması və satışı ilə məşğuldur. "Azəristiliktəchizat" da bizim müştərilərimizdən biridir. Xəbərdarlıq olunmadan qazın kəsilməsi haqqında deyilən fikiri isə qeyri-ciddi və qeyri-səmimi qəbul edirəm. "Azəristiliktəchizat" la heç bir ədavətimiz yoxdur. Son zamanlar müştərilərimiz ödənişləri vaxtlı-vaxtında ödəməyə alışırlar. "Azəristiliktəchizat" isə hər il aldığı qaz həcminin qiymətinin 30%-ni ödəyir. Bu "Azəristiliktəchizat" üçün bir norma halını alıb. "Azəriqaz" ın baş direktoru Əkbər Hacıyevin adından hər ay "Azəristiliktəchizat"ın sədri Yaşar Həsənovun şəxsən özünə məktublar göndərilib, borcların artması diqqətlərinə çatdırılıb, gələcəkdə əhalinin əziyyət çəkməməsi üçün borcların qaytarılması mexanizminin müzakirə olunmasının vacibliyi dəfələrlə onlara bildirilib. O məktublar onlarda var tapmasalar, sürətləri bizdə saxlanılır. Lakin bu məktubların heç birinə cavab verilmir. Demək olar ki, bütünlüklə "Azəriqaz"ın məktublarına məhəl qoyulmayıb. Yəqin düşünüblər ki, bu il yenə əvvəlki illər kimi əhali istiliksiz qalmasın deyə onlara qaz veriləcək, onlar isə qazın pulunun yalnız 30%-ni ödəməklə kifayətlənəcəklər.
"Azəriqaz" satdığı qazı "Azneft" İstehsalat Birliyindən alır. Qazın hasilatı üçün çətin dəniz şəraitində insanlar çalışır, sonra qazı sahilə nəql edirlər, Qaz emalı zavodunda emal olunur, sonra Qaz ixrac idarəsinin mağistral kəmərlərləri ilə bizim komunikasiya xətlərinə çatdırırlar. Sonra bizim xətlərlə alıcıya nəql olunur. Görün bizim satdığımız qazda neçə idarənin əməyi var. Bu mürəkkəb texnoloji qurğulardır, komunikasiyalardır bunlara da xidmət lazımdır, xərc tələb edir, orada çalışan insanlar əmək haqqı almalıdırlar və sair. Təbii ki, biz də aldığımız qaza görə ödənişlər etməliyik. Bizim də xərclərimizin həcmi ildən-ilə artır. Bizim də infrastruktur yenilənməlidir. Ümumi şəbəkəmizin saxlanması, yenilənməsi də xərc istəyir.
Başqa sözlə, düşünürəm ki, hamımız problemlərimizin həlli ilə məşğul olmalıyıq, aldığımızın dəyərini ödəməliyik, hesablamağı bacarmalıyıq, gəlir-çıxarımıza nəzarət etməliyik, üzərimizə qoyulan vəzifəni icra etməliyik və həmçinin məktubları cavabsız qoymamalıyıq.
Payız-qış mövsümünün başlamasına 3-4 ay qalmış mütəmadi olaraq "Azəristiliktəchizat"ın rəhbərliyinə xəbərdarlıq olunub ki, borc ödənilməzsə, qaz təchizatı olmayacaq. Görün, "Azəristiliktəchizat"a qarşı borcların ödənilməsi ilə bağlı 9 məhkəmə prosesi udmuşuq. Əlimizdə 9 məhkəmə qətnaməsi var və məhkəmə qərar verib ki, "Azəristiliktəchizat" yaranmış borcu ödəsin. Amma bizə məhkəməyə müraciət etmək təklifi olunur, bu, populizm deyil nədir?
Bunu də qeyd edim ki, son dövrlərdə qazanxa rəhbərləri hansısa göstəriş əsasında qəbul olunmuş qazın təhvil-təslim sənədlərinə qol çəkmirlər. Təssüf ki, vəziyyət bu cürdür.
- "Azəristiliktəchizat" iddia edir ki, "Azəriqaz" bu ASC-dən 2005-ci ilədək yaranan borcu tələb edir. Qarşı tərəf ölkə başçısının sərəncamını əldə rəhbər tutaraq iddia edir ki, bu qurum 2005-ci ilədək fəaliyyət göstərən və istilik təchizatı ilə məşğul olan digər qurumların hüquqi varisi deyil, buna görə, onların borcu "Azəristiliktəchizat"a aid deyil. Cəmiyyətdə çaşqınlıq yaradan bu vəziyyətə aydınlıq gətirə bilərsiniz?
- Borcun məbləği milyonlarla manatla ölçülür, 2011-ci ildən sonra yaranmış və qarşılıqlı təsdiq olunmuş borcun ödənilməsini həyata keçirsinlər, qalsın mübahisəli hissə. 2011-2015-ci ilədək cəmi 33,5 milyon manatdan çox borc yaranıb. Onların qarşılıqlı aktla qəbul etdiyi 43 milyon manatın 10 milyon manatı keçmiş dövrə aiddir. Həmin 10 milyon manat tutaq ki, mübahisəlidir, 33 milyon manat niyə ödənilmir?
Biz məsələnin ciddiliyinin fərqindəyik, əhalini düşünərək bu günə qədər vaxtaşırı borcların azalması istiqamətində çalışan və 1000 manatdan aşağı borcu olan 290-a yaxın qazanxanalara qaz vermişik və veririk.
Mənim üçün də aydın deyil, hər il 2010-cu ilə kimi ödəniş, demək olar ki, 80-90% ödənilirdi. 2011-ci ildən başlayaraq hər il "Azəristiliktəchizat"ın borcu 7-8 milyon artır, ödəniş isə 30-35% səviyyəsinə endirilib. 2015-ci ilin noyabr-dekabr aylarını nəzərə almasaq, çünki iki ay da qaz götürəcəklər, təkcə 2015-ci il üçün "Azəristiliktəchizat" öz borcunu 8 milyon 400 min manatdan çox artırıb.
Biz çox təəssüflənirik ki, bu gün bizim məsələnin həllinin yubanması ucbatından əhali əziyyət çəkir. Biz qazın satışını təmin edən qurum kimi çalışırıq ki, öz vəzifəmizi icra edək, borcumuzu yerinə yetirək. Bu gün qazın pulunu ödəyən hər kəsin qazını təmin etmək "Azəriqaz"ın borcudur. Bu qurumun da vəzifəsi istilik satmaqdırsa, kiməsə şər atmaq, əhalinin adından populist danışmaq əvəzinə görüşüb borcların qaytarılması ilə bağlı anlaşma əldə olunması üçün tədbirlər görməlidir. Yəqin ki, bu gün dövlət tərəfindən təmir işləri üçün "Azəristiliktəchizat"a subsidiyalar ayrılır. Yeni qazanxananın da tikilməsi üçün subsidiya ayrılıb. Tarif Şurası tərəfindən də hər bir nüans nəzərə alınaraq o tarif qoyulub onlara. Əgər hökümətimiz tərəfindən bu gün qərar verilsə ki, qazın miqdarını 100 manat yox, daha aşağı qiymətə satılsın, biz onu icra edəcəyik. Bunun üçün Tarif Şurası var, hər bir xərci nəzərə alaraq, onlar üçün qazın qiyməti 100 manatdan nəzərdə tutulub.
- "Azəriqaz" konkret borcun tam hissənin ödənilməsini tələb edir, ya hissə-hissə?
- Ümid edirik ki, məsələ qısa müddət ərzində həllini tapacaq. Bizim fikrimiz ondan ibarətdir ki, problem var və o, müzakirə olunmalıdır, borcun ödənilməsinin qrafikini müəyyən etməliyik. Hər iki təşkilat qrafiki təsdiq etməli və icrasına əməl etməlidir. Əlbəttə, mərhələli ödəniş də mümkündür, amma bilinsin nə zaman borc bitəcək. Bu ay aldığını tam ödəmirsinizsə və aldığınız həcmə görə sənədə imza atmırsınızsa, biz sizə necə qaz verək? Biz isə "Azneft"dən aldığımız qaza görə, bu müəssisəyə ödəniş etməliyik, alınan qaza və satılan qaza görə vergi ödəməliyik. Başqa sözlə, vəziyyət bu cür davam edə bilməz.