“Olimpik Novxanı Otel” yalan məlumatlar yaymaqla “Azərişıq” ASC-nin işgüzar imicinə zərbə vurmaq istəyir. Aktual.az-ın trend-ə istinadən verdiyi məlumata görə bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, "Azərişıq" ASC “Olimpik Novxanı Otel”-ə yaxın ərazilərdə elektrik naqillərini yenidən qurur: "Bu otel də ona aid olan hissədə elektrik naqillərini özü təmir etməli olduğu halda, bundan boyun qaçırır".
“Olimpik Novxanı Otel”-in həqiqəti əks etdirməyən böhtan xarakterli informasiyalarla ictimaiyyəti çaşdırmaq istədiyini qeyd edən qurum rəsmisi bildirib ki, mehmanxana rəhbərliyiniə onlara məxsus binanın üzərindəki səliqəsiz elektrik naqillərini yığışdırmaları üçün xəbərdarlıq olunub: “Həmin ərazidəki naqillər yerin altı ilə keçməlidir. Çünki yüksəkdən çəkilən naqillər insan həyatı üçün təhlükəlidir. "Azərişıq" ASC özünə aid olan hissələrdə yenidənqurma işləri aparır. Amma otel özünə aid olan yerləşdiyi binanın üzəri ilə çəkilən naqillərini təmir etdirmək istəmir. Əksinə, bu məsələ ilə bağlı yalan şayiələr yayır. Bu şayiələrin isə heç bir əsası yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə “Olimpik Novxanı Otel” “Azərişıq”ı rüşvət tələb etməkdə ittiham edir” başlıqlı məlumatlar yayılmışdı. Məlumatda qeyd olunurdu ki, “Azərişıq” otelə işıq verilməsini dayandırıb və yeni elektrik xəttinin çəkilməsi üçün onlardan 26 min pul tələb edir.