“Azəriqaz” İstehsalat Birliyinin Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel, Suraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Azəriqaz” növbəti struktur dəyişikliyi ilə bağlı əmr verib. “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin maddi-texniki bazalarında Bakı Reqional Qaz İstismarı Departamenti və Bakı Reqional Qazın Satışı Departamenti yaradılır.
M.Qəhrəmanlı qeyd etdi ki, rayon qaz istismar sahələrinin hər birində təxminən 80-100 nəfər işçi çalışır. Buna görə də 1000-ə yaxın işçinin ixtisara düşəcəyi gözlənilir: “Təşkilata daxil olan məlumata görə işçilərə noyabrın 16-da bildirişlər veriləcək. Bu işçilərin işlə təmin edilib-edilməyəcəyi isə bəlli deyil. Hazırda onlar təşvişdədir. İşçilərin arasında ixtisara düşənlər olacaq”.
Əmr noyabrın 10-da imzalanıb. Strukturların ləğv edilməsi və digər məsələlərin icrası ilə bağlı komissiya yaradılıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev məlumatı təsdiqləyib.
İ.Kərbalayevin sözlərinə görə, struktur dəyişiklikləri ilə bağlı mətbuata açıqlama veriləcək: “Ləğv ediləcək qurumların əməkdaşlarına vakant yerlərdə işlər təklif olunacaq. Bundan əlavə, onlara əməkhaqqının 5 mislini ödəmək də təklif olunacaq. Əməkhaqqının 5 mislinə və təklif olunan işlə razılaşmayanlar Dövlət Neft Şirkətinin məlum proqramına qoşula biləcəklər. Yəni iş olan kimi onlara təklif ediləcək”.