"Azərbaycanlı və erməni icmaları birgə yaşayacaq" - XİN


İşğala son qoyulduqdan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın sərhədləri daxilində yenidən birgə yaşayacaq.

 Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirlərindən danışarkən biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların yaradılmasının zəruriliyini bildirmişik. Hesab edirik ki, bu kimi təmaslar gələcək birgəyaşayışın təmin edilməsi baxımdan mühüm zəmin yaratmaq və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə vermək imkanına malikdir".

XİN rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının müvəqqəti işğalına son qoyduqdan sonra, əvvəllər olduğu kimi, bu iki icma Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yenidən birgə yaşayacaq: "Əvvəllər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqa xidmət edən bir neçə layihə olsa da, Ermənistan tərəfi bu təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələri nəzərə alaraq, onun qarşısını almağa yönəlmiş destruktiv siyasət yürütməyə başladı".

O bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə maneə olmağa çalışır: "Bununla, əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini, ilhaqçı siyasət yürütdüyünü və hər vəchlə münaqişənin həllinə maneə olduğunu bir daha təsdiq edir".

H.Hacıyev əlavə edib ki, münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları təşviq etməlidirlər.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR